Bəhreynli millət vəkillərindən İrana sərt etiraz  

09:45 22.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın yüksək rütbəli rəsmisinin Bəhreynin ərəb ölkəsi olduğunu şübhə altına alan açıqlamaları Manamada geniş qəzəb doğursa da, İran Xarici İşlər Nazirliyi Abbas Ərakçinin regional səfərləri çərçivəsində dünən Bəhreyn və Küveytə gedəcəyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, iranlı nazirin Manamaya səfəri iki ölkə arasında uzun illərdir davam edən münasibətlərin pozulmasından sonra baş verir. Səfər həmçinin İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Hərrazinin Bəhreynin “ana yurdu İrandan ayrıldığını” iddia etdiyi və Bəhreynin ərəb olduğunu şübhə altına aldığı bəyanatlarına görə Bəhreyndə geniş qəzəbin olduğu bir vaxta təsadüf edir.

Bəhreynin rəsmi xəbər agentliyi BNA-nın verdiyi məlumata görə, parlamentin bəzi üzvləri Hərrazinin sözlərini pisləyiblər. Millət vəkilləri vurğuladılar ki, Bəhreyn Krallığı qədim zamanlardan ərəbdir və İranın iddiaları sırf böhtandır, tarixi saxtalaşdırmaq cəhdidir, İran və onun xalqının yaşadığı acınacaqlı reallığa diqqət yetirməkdənsə, böhranı xaricə ixrac etmək cəhdidir.

Məsələ ilə bağlı açıqlama verən millət vəkili Əhməd əl-Sellum, “Bəhreyn xalqı bütün komponentləri və məzhəbləri ilə İran Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Hərrazinin Krallığın ərəb olması ilə bağlı iddiasını qəti şəkildə rədd edir” deyib.

Millət vəkili Əli Sakr əd-Dusari "Bəhreyn Krallığının İran İslam Respublikası olmadan əvvəl ərəb xarakterinə və məzmununa malik olduğunu" vurğulayaraq, Hərrazinin açıqlamalarını "tarix, ağıl, məntiq və reallıq çərçivəsindən kənar" adlandırıb. Əd-Dusari deyib ki, İran rejimi yeri və mövqeyi olmayan bu bəyanatların və illüziyaların qarşısını almalıdır.

Millət vəkili Cəlilə Ələvi əs-Seyyid Həsənin "Bəhreyn Krallığının möhkəm ərəb kökləri var və Kamal Hərrazinin açıqlamaları həqiqəti əks etdirmir" deyib və əlavə edib ki, "Bəhreyn xalqı Bəhreyn Krallığının ərəb və İslam əlaqələrini mütləq təsdiqləyib".

Parlamentin üzvü Məhəmməd Yusuf əl-Mərafi deyib: “Körfəz və ümumilikdə ərəb xalqı, xüsusən də Bəhreyn xalqı zaman-zaman verilən bu cür bəyanatların İran ictimaiyyətini onların faciəvi reallıqdan yayındırmaq cəhdi olduğunu bilirlər”.