“Belarusla diplomatik kanallar tükəndi” – Baş nazir

08:30 14.11.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Litvanın baş naziri İnqa Ruqinene Belarusla potensial danışıqlar üçün bütün diplomatik kanalların tükəndiyini, lakin Minskin ilk addımı atmalı olduğunu bildirib.

Hafta.az-ın yazdığına görə, baş nazir Belarus sərhədinin "hibrid hücumlar" səbəbindən bağlandığını deyib. “Vəziyyətin həlli üçün bütün diplomatik kanalların tükəndiyini etiraf etməliyik” deyən Ruqinene əlavə edib ki, Litva hücumların nəzarət altında olduğuna dair Belarusdan zəmanət aldıqdan sonra sərhəd yenidən açılacaq.

Litva Belarusla sərhədini 30 noyabra qədər bağlı saxlamaq qərarına gəlib. Bu qərar qaçaqmalçılıq üçün istifadə edilən hava şarlarından istifadə etməklə həyata keçirilən müntəzəm "hibrid hücumlar"a qarşı tədbir kimi verilib. Bu hadisələrə görə ölkədəki bəzi hava limanları müvəqqəti olaraq bağlanıb.

Belarusun əks tədbirləri nəticəsində ölkədə ən azı min Litva yük maşını qalıb. Sürücülər təyin olunmuş dayanacaq yerlərində park etməyə və hər gün üçün rüsum ödəməyə məcbur edilirlər. Litva hakimiyyəti noyabrın 12-də Belarusun Litva yük maşınlarının ölkədən çıxmasına icazə verməkdən bir daha imtina etdiyini açıqlayıb. Lakin Minsk sərhəddəki vəziyyəti müzakirə etmək üçün danışıqlar təklif edib.

Dünən Belarus tərəfi sərhədin bağlanmasından sonra qalan mindən çox Litva yük maşınının sərhəd keçid məntəqələrinin yaxınlığındakı təyin olunmuş ərazilərə köçürüldüyünü açıqlayıb. İki yüzdən çox sürücü hələ də axtarılır və sanksiyalarla üzləşə bilər.

Eyni zamanda, Belarusdan qaçaqmalçılıq məqsədilə göndərilən hava şarları ilə bağlı hadisələr davam edir. Litva hakimiyyəti noyabrın 11-də qaçaqmal siqaret daşıyan səkkiz hava şarını və bir pilotsuz uçuş aparatını (PUA) müsadirə etdiyini bildirib. Məlumata görə, şarlarda 13 mindən çox qaçaqmal siqaret paketi olub.