Bərdədə ermənilərin anasız qoyduğu 7 aylıq Gülçin... - FOTOLAR

12:44 04.05.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Müharibənin  ən məsum qurbanları hələ nəyin nə olduğunu bilməyən balaca fidanlar – uşaqlar olur hər zaman. Top-tüfəng səsləri, savaşın xaosu ilə yıxılan isə evlərin nəhəng beton divarları deyil tək, körpələrin gələcəyidir həm də. Axı bircə gülüşləri ilə dünyanın ritmini dəyişə bilirdi onlar? Dəyişərdi bəlkə də, düşmən erməni olmasaydı. Davası səngərdəki əsgərlə deyil, qundaqdakı körpə ilə olan mənfur “qonşularımız” hələ 17 günlük ikən müharibə dəhşətini hiss etdirdi balaca Gülçinə.

Anası Tükəzban isə düz 5 il gözləmişdi körpəsinin yolunu. Nə doyunca sevə, nə də qoxusunu içinə çəkə bildi övladının. Ötən ilin oktyabr ayında, Ermənistan silahlı qüvvələrinin Bərdədə törətdiyi terror 20 günlük körpədən anası Tükəzban Mirzəliyevanı və babası Çərkəz Mirzəliyevi aldı.

Hafta.az-ın əməkdaşı terror qurbanı olmuş  25 yaşlı gənc ana Tükəzban Mirzəliyevanın əmisi Feyruz Mirzəliyev  ilə söhbət apardı. Ailənin hazırki vəziyyəti, balacanın durumu ilə tanış oldu.

- Feyruz bəy,  Allah yaxınlarınıza rəhmət etsin, sizlərə səbir versin.

- Çox sağ olun, Allah bütün ölənlərə rəhmət etsin.

- Bildiyimiz kimi Gülçinin atası cəbhədə düşmənə qarşı döyüşən hərbçilərimizdən idi.

- Hə, elə indi də xidmətini davam etdirir. MAXE hərbiçidir.

- Bəs körpəyə kim baxır?

- Körpəyə ortaqlı baxırıq. Aparıram 10-15 gün bir nənəsigildə qalır, digər günlər o biri nənəsinin yanında. Balacanın qəyyumluğu isə atasındadır, ancaq hər iki ailə uşağa ortaqlı baxır.  

- Balaca Gülçin necədir? Səhv etmirəmsə, 7 aylıq olmalıdır.

- Şükür Allaha,  vəziyyəti yaxşıdır. İndi 6 ayını tamam edib, 7-nin içindədir.

- Terrorun qurbanı olan Tükəzban xanıma “şəhid” statusu verilib?

- Bəli.

- Dövlət tərəfindən ailəyə hansı dəstək olunur?

- Tam dəqiqliyi ilə hansı köməkliyin göstərildiyini bilmirəm, bir onu deyə bilərəm ki, dövlət tərəfindən balacaya aylıq müavinat ayrılıb.

- Ailənin bir problemi, narahatçılığı varmı, deyin işıqlandıraq.

- Nə deyim, Vallah, indi problemsiz ailə yoxdur. İtkilərimiz ağırdır...

- Allah sizlərə səbri, körpə Gülçini böyüdüb boya-başa çatdırmaq üçün ailənizə cansağlığı versin.

- Çox sağ olun.

Qeyd edək ki, 25 yaşlı Tükəzban hadisə baş verən gün atası Çərkəz Mirzəliyevlə Bərdə rayon xəstəxanasına həkim müayinəsinə gedərkən ermənilərin raket hücumunun hədəfi olub. Hadisə yerində həyatını itirən Tükəzbanla atası Çələbilər kəndində yanaşı dəfn olunublar. Həmin gün – 28 oktyabr 2020-ci il tarixində Ermənistanın Bərdəyə raket hücumu nəticəsində 21 dinc sakin həlak olub, 70 nəfər yaralanıb. Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə, xüsusilə külli miqdarda ziyan dəyib.

 

Oxunma sayı 670