Ukrayna Prezidenti Vladimir Zelenskinin 21 iyul 2021-ci ildə imzaladığı “Ukraynanın yerli xalqları haqqında” qanunla Krım tatarları, karaitlər və krımçaklarla birlikdə Ukraynanın yerli xalqları kimi tanınıb.
Hafta.az-ın yazdığına görə, sözügedən qanun qüvvəyə mindikdən sonra Krımın yerli xalqlarının öz müqəddəratını təyinetmə hüququnu təmin etmək üçün Ukrayna Konstitusiyasının 10-cu maddəsinə dəyişikliklərin ediləcəyi gözlənilir. Bir çox siyasətçi və fəallar üçün Konstitusiyanın Krımın muxtar respublika statusunu müəyyən edən 10-cu maddəsi mübahisəli müddəadır. Bununla belə, Krımın “muxtar respublika” statusunun qorunub-saxlanmayacağı və ya Krıma “milli muxtariyyət” statusunun veriləcəyi ilə bağlı çoxlu müzakirələr gedir. Krım tatarları yarımadaya Ukraynanın tərkibində milli-ərazi muxtariyyət statusu verilməsi üçün mübarizə aparır.
Krım Tatar Milli Məclisinin (KTMM) sədri Refat Çubarov QHA-ya 10-cu maddəyə edilən dəyişiklikdən sonra Krım yarımadasında yaradılacaq milli muxtariyyətin məzmununu və Ukrayna cəmiyyətinin bununla bağlı fikirlərini açıqlayıb.
Yarımadada Krım tatar milli muxtariyyətinin yaradılması üçün lazımi qaydaların 2019-cu ildə hazırlandığını bildirən KTMM sədri Çubarov zaman keçdikcə və dəyişən şərtlərlə layihəyə dəyişikliklərin edilə biləcəyini bildirib.
Ukrayna Konstitusiyasına dəyişikliklə bağlı yenidən müzakirələrə qapalı olmadıqlarını bildirən KTMM prezidenti, əsas prinsipdən əl çəkmədiyi bir ssenaridə təfərrüatların və fərqli ifadələrin ola biləcəyini qeyd edib.
Refat Çubarov, KTMM-nin əsas mövqeyi “Krım yarımadasının muxtariyyət statusu davam edir, lakin onun prinsipləri Krım tatar xalqının hüquqlarına əsaslanır” deyib.
Krım tatar xalqının hüquqlarının təmini baxımından Ukrayna cəmiyyətində geniş müxalifətin olmadığını bildirən Çubarov bildirib ki, “Ukrayna cəmiyyətinin əksəriyyəti Krım tatar xalqının keçdiyi sürgündən xəbərdardır və bizim hansı faciələrlə üzləşdiyimizi anlayır”.
Bəzi ukraynalıların Krım tatarlarına veriləcək hüquqlardan tam qane olmadıqlarını da əlavə edən Refat Çubarov deyib: “Çünki onların fikrincə, bu hüquqlar Krım tatar xalqına verildikdən sonra Krım tatarları daha da güclənə və müstəqilliyini elan edə bilər. Ona görə də onlar Krımın Ukraynadan ayrılmasında risk görürlər. Krım tatar xalqının baxışı və Krım Tatar milli hərəkatının, Konqresimizin və Krım Tatar Milli Məclisinin illərdir tutduğu mövqe, Krım tatar xalqının hüquqlarına əsaslanan muxtariyyətə malikdir və müstəqil Ukraynanın sərhədləri daxilində yerləşir. Krım Ukraynanın ayrılmaz hissəsidir və eyni zamanda Krım tatar xalqının tarixi torpağıdır. Heç kim bunu başqa cür görmür və görməyə haqqı da yoxdur. Bu, bizim torpağımız və hüquqlarımızdır, eyni zamanda, torpağımız müstəqil Ukrayna dövlətinin sərhədləri daxilindədir. Biz bu iki mövqeyi bir araya gətirməliyik. Onları bir-birinə zidd etməyə ehtiyac yoxdur”.