Əfqanıstanın Qaçqınlar və Repatriasiya Nazirliyi ötən həftə təxminən 23 min qaçqının ölkəyə qayıtdığını bildirib.
Hafta.az-ın “TOLO News”a istinadən yazdığına görə, nazirliyin sözçüsü Abdülmüttalib Haqqani bildirib ki, qaçqınların təxminən 16 min nəfəri İrandan, qalanları isə Türkiyə və Pakistandan qayıdıb.
Haqqani ev sahibi ölkələri əfqan qaçqınlarla qanuni və humanist davranmağa çağırıb.
Qaçqınlar və Repatriasiya Nazirliyinin sözçüsü deyib: “Təxminən 23 min əfqan son həftə öz ölkələrinə qayıdıb; Bunlardan təxminən 16 mini İrandan, təxminən 5 mini Türkiyədən və təxminən 2 mini Pakistandan gəlib”.
Qırx il Pakistanda qaldıqdan sonra ölkəsinə qayıdan Əbdülkərim Pakistanda yaşamağın özü və ailəsi üçün çətinləş olduğunu bildirib.
Əbdülkərim, "Pakistanda 40 ilə yaxın yaşadım. İşlərim yaxşı getmirdi və çətin vəziyyətdə idik, ona görə də Əfqanıstana gəlməyə qərar verdik" deyib.
Eyni zamanda bir çox əfqan qaçqınlar qonşu ölkələrdə yaşadıqları çətinliklərdən şikayətlənirlər.
İranda yaşayan əfqan qaçqın Əkbər Soltani deyib: “Şəxsiyyət vəsiqəsi və pasportu olmayan əfqanlar polis tərəfindən saxlanıldıqda, əgər pulları varsa, polis pulu onlardan alır və sonra deportasiya edir”.
Qaçqınlar və Qayıdışlar Nazirliyi bir daha qəbul edən ölkələri əfqan qaçqınlarla beynəlxalq qanunlara uyğun davranmağa çağırıb.