Bəzən bir sıra çıxışlar, bəyanatlar olur ki, bizim hansısa istiqamətdə idxaldan asılılığımız 10, 15, yaxud 20 faizdir. Reallıqda iqtisadi təhlil onu göstərir ki, bu, belə deyil.
Bu fikirləri hafta.az-a iqtisadçı ekspert Elşad Məmmədov deyib. Onun sözlərinə görə, gerçəklik ondan ibarətdir ki, Azərbaycanda qablaşdırılan həmin məhsulların sonda istehlak bazarına çatmasınadək olan o zəncirvari prosesdə yaranan əlavə dəyərin xüsusi çəkisi kritik dərəcədə azdır:
“Biz çox yüksək səviyyədə idxaldan asılıyıq. Hazırda dünya iqtisadiyyatında baş verən proseslər, dərin struktur böhranı, istehsalda və daşınmalardakı problemlər onu şərtləndirir ki, hər bir ölkə ilk növbədə öz daxili bazarını qorumağa çalışır. Bax, biz bu gün real olaraq bunun şahidi oluruq.
Əgər söhbət konkret olaraq çörək və un məmulatlarından gedirsə, bizim bu gün Rusiyadan olan taxıl idxalından asılılığımız kritik səviyyədədir. Hazırda Şimal qonşumuz faktiki olaraq bu istiqamətdə də hegemon dövlətlərdən birinə çevrilib. O mənada ki, əgər dünya taxıl bazarının təxminən 1/3-ni ixracat nöqteyi-nəzərdən Rusiya təmin edirsə, bizim bölgədə faktiki olaraq həmin ölkə ilə rəqabət aparan digər ölkə yoxdur.
Biz öz daxili bazarımızı daxili istehsalımız hesabına təmin edə bilmiriksə, sözsüz ki, bu istiqamətdə asılılığımız getdikcə yüksələcək. Yeri gəlmişkən, bu asılılığımızı Moskvanın Azərbaycana qarşı hansısa siyasətinin tərkib hissəsi kimi qəbul etməyin tərəfdarı da deyiləm.
Sadəcə, hər bir ölkə kimi Rusiya Federasiyası da öz daxili bazarını qorumağa çalışır və ixrac rüsumlarını tətbiq edir. Bu rüsumların da tətbiqi istər-istəməz Azərbaycan üçün həmin məhsulun idxalının dəyərini artırır. Eyni zamanda onu da bilməliyik ki, hətta biz başqa ölkədən də taxıl idxal etsək də, dünya bazarında taxılın qiyməti artır. Digər ölkələr də ixraca rüsumlar tətbiq edir ki, daxili bazarını qorusun və əsas mənfəəti ixracdan götürsün.
Heç kəs daxili bazarda qiymətləri qaldırmaq istəmir. Ona görə də biz idxaldan asılılığımızı aradan qaldırmasaq, unun, çörəyin, eləcə də digər məhsulların qiymət artımı problemi həll olunmayacaq”.