BMT nümayəndəsinə 21 ildə ilk dəfə Quantanamoya getməyə icazə verilib

14:50 02.02.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Millətlər Təşkilatının “insan hüquq və əsas azadlıqlarının müdafiəsi və təşviqi, həmçinin terrorizmlə mübarizə” mövzusunda fəaliyyət göstərən xüsusi məruzəçisi ABŞ-ın 21 il əvvəl açdığı Quantanamo həbsxanasına bu ay ilk dəfə baş çəkəcək.

Hafta.az-ın yazdığına görə, BMT-nin xüsusi məruzəçi Fionnuala Ni Aolainin fevralın 6-dan 14-dək ABŞ-a və Quantanamo həbsxanasına səfər edəcəyini açıqlayıb.

Ni Aolainin Quantanamo səfərindən sonra onun həbsxananın və oradakı məhbusların vəziyyəti ilə bağlı müşahidələrini bölüşəcəyi gözlənilir.

Bildirilir ki, BMT-nin xüsusi məruzəçisi Ni Aolain Quantanamo səfərini başa vurduqdan sonra həbsxananın keçmiş məhbusları ilə də danışıqlar aparacaq.

Birləşmiş Millətlər Təşkilatı 21 il əvvəl ABŞ tərəfindən açılmış Quantanamo həbsxanasına texniki baxış üçün Vaşinqton administrasiyalarından səfər tələb etmişdi, lakin bu tələblər hər dəfə dəfələrlə rədd edilirdi.

İnsan haqları təşkilatları BMT-nin xüsusi məruzəçisinin Quantanamo səfərini alqışlayan bəyanatlar verərək, Ní Aolaini hazırda həbsdə olan məhbusların sağlamlıq vəziyyətini nəzərdən keçirməyə çağırıblar. Birləşmiş Ştatlar Quantanamodakı məhbusları lazımi tibbi şəraitlə təmin etmədiyinə görə tənqid edilir və məhbuslara lazımi müalicə ilə təmin olunmamaqla tibbi laqeydliyə səbəb olmaqda günahlandırılır.

Qeyd edək ki, 20 il ərzində Quantanamoda ümumilikdə 780 şəxs heç bir mühakimə olunmadan saxlanıldığı halda, hazırda həbsdə qalanların sayı 35-dir.

İndiyədək Quantanamoda saxlanılan məhbuslar milliyyətlərinə görə aşağıdakılardır:

219 Əfqanıstan, 134 Səudiyyə Ərəbistanı, 115 Yəmən, 72 Pakistan, 23 Əlcəzair, 22 Çin, 14 Mərakeş, 12 Tacikistan, 12 Küveyt, 12 Tunis, 12 Sudan, 11 Suriya, 11 Liviya, 9 İraq, 9 İngiltərə, 89 Rusiya, 7 Fransa, 6 Bəhreyn, 6 Özbəkistan, 5 Fələstin, 5 Misir, 5 Türkiyə, 4 Somali, 4 Bosniya, 4 Qazaxıstan, 3 Mavritaniya, 3 İran, 2 Malayziya, 2 Kanada, 2 Belçika, 2 Avstraliya, 1 Keniya, 1 İndoneziya, 1 Tanzaniya, 1 Efiopiya, 1 Maldiv adaları, 1 Uqanda, 1 Türkmənistan, 1 Qətər, 1 Danimarka, 1 vətəndaşlığı olmayan Rohinca, 1 Çad, 1 İspaniya, 1 İsveç, 1 Banqladeş, 1 Azərbaycan, 1 Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı.

Quantanamoda 780 məhbusdan 9-u ölüb, 35-i hələ də həbsdədir, 732 məhbus başqa ölkələrə göndərilib. Onların bəziləri indi də həbsxanada saxlanılmaqdadır, bəziləri bir növ ev dustaqlığında, bəziləri isə azadlıqdadır.

Quantanamo düşərgəsini saxlamaq üçün ABŞ ildə təxminən 540 milyon dollar xərcləyir. ABŞ prezidenti Co Bayden düşərgənin bağlanacağına söz versə də, hələlik bu istiqamətdə ciddi addımlar atılmayıb.

Siyasət rubrikasından digər xəbərlər