Bolqarıstanın paytaxtı Sofiya şəhərinin mərkəzində sovet əsgərlərinin xatirəsinə ucaldılan nəhəng abidənin götürülməsi planlaşdırılır.
Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, Sofiya Şəhər Şurasında müzakirəyə çıxarılacağı gözlənilən qərar ilk olaraq Bolqarıstan - Rusiya münasibətlərindəki böhranın əksi olan Ukrayna müharibəsinin ildönümündə irəli sürülüb.
Bolqarıstan Ukrayna müharibəsi başlayandan sonra 2022-ci ilin aprelində Rusiya qazı üçün rublla ödəməkdən imtina edən ilk Aİ ölkəsidir. Sonrakı prosesdə Bolqarıstan parlamenti Ukraynaya hərbi yardım göstərməyə razılaşdı və iyun ayında hakimiyyət Serbiyaya gedən Rusiya xarici işlər naziri Sergey Lavrovun Bolqarıstanın hava məkanından istifadəsinə icazə vermədi.
Sovet abidəsinin götürüllməsi həm də son bir ildə kəskin tənəzzülə uğramış Rusiya-Bolqarıstan münasibətlərinə doğru simvolik addım kimi qiymətləndirilir.
Abidənin götürülməsi ilə bağlı Demokratik Bolqarıstan Partiyasından Marta Georgiyeva deyib: "30 ildir gözlənilən ilk addımı atmaq vacibdir. 45 metrlik abidə milli qəhrəman Vasilin Levskinin abidəsindən də böyükdür".
Bildirilir ki, Sofiya Bələdiyyəsi martın 7-də mədəniyyət və təhsil komitələri ilə birlikdə ilk addımı ataraq abidənin götürülməsinə razılıq verib və məsələni şəhər şurasına çıxarıb. Bildirilib ki, bu gün toplanacaq şəhər şurası onun götürülməsi barədə qərar qəbul edərsə, abidənin böyük hissəsi dağıdılacaq, yalnız hekəltəraşlıq hissələri başqa bölgədə bərpa oluna bilər.
Əslində, Sofiya Şəhər Şurası abidənin köçürülməsi ilə bağlı ilk qərarı 1993-cü ildə verib, lakin bu qərar həyata keçirilməyib. O vaxtdan bəri abidə həm siyasi müzakirələrin, həm də müxtəlif hücumların hədəfinə çevrilib. 2011-ci ildə abidəyə hücum zamanı sovet əsgərlərinin heykəllərinin üzərinə Amerikanın məşhur mədəniyyət xadimləri Supermen, Coker və təlxək Ronald Makdonalda bənzəyən şəkillər çəkilmişdi. O vaxtdan bəri abidəyə daha bir neçə hücum həyata keçirilib ki, onlarda biri dronla edilib.
Bütün hücumlara Rusiya tərəfindən reaksiya verilib və abidənin Sovet Azadlıq Ordusuna minnətdar olan Bolqarıstan vətəndaşları tərəfindən qoyulduğu vurğulanıb.
“Kommersant”a danışan rus diplomatik mənbələri etiraf ediblər ki, onları təkcə siyasi təşəbbüslər deyil, həm də abidənin fiziki vəziyyəti narahat edir. Mənbələr 1954-cü ildə ucaldılmış abidənin üstündə tapılan parçaların əvvəlki fiziki vəziyyətdə olmadığını və yoldan keçənlərin üzərinə düşmə ehtimalının olduğunu bildirir. 2021-ci ildə şəhər rəsmiləri abidənin təmiri üçün büdcədən 200 min avro ayrılmasını istəsələr də, bir ildən sonra proses dayandırılıb.
Bolqarıstanın xeyli sayda siyasətçisi abidə ilə bağlı müxtəlif fikirləri müdafiə edir. Onların arasında abidənin sovet təbliğatı olmadığını iddia edənlər də var, abidənin ucaldılmasının qanuniliyini şübhə altına alanlar da. Çünki Bolqarıstan II Dünya Müharibəsi zamanı faşist Almaniyası ilə müttəfiq olub və heç vaxt işğala uğramayıb. Lakin Sovet İttifaqı 1944-cü ildə Sofiyaya müharibə elan edib.