Bosniya və Herseqovinada ümumi seçkilər keçirilir

15:26 02.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 2-də Bosniya və Herseqovinada prezident və parlament seçkiləri keçirilir.

AZƏRTAC xəbər verir ki, səsvermə prosesi yerli vaxtla 07:00-da başlayıb və 19:00-dək davam edəcək.

Bosniya və Herseqovina Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkə üzrə 5903 seçki qutusu qoyulub. Seçki prosesini 60 min müşahidəçi izləyir.

Ümumilikdə 3 milyon 368 min 666 nəfər səsvermə hüququna malikdir. Xarici ölkələrdən poçt və ya nümayəndəliklər vasitəsilə 69 min 966 nəfər səs verəcək.

Avropanın ən mürəkkəb siyasi quruluşa malik olan ölkələrindən olan Bosniya və Herseqovinada seçkilərdə Rəyasət Heyətinin üzvləri ilə yanaşı, iki inzibati vahid - Bosniya və Herseqovina Federasiyası və Serb Respublikasının rəhbərləri, 10 kanton, əyalət səviyyəli hökumət üzvləri, deputatlar müəyyən olunacaq. Seçkilərdə 90-ı siyasi partiyadan, 17-si müstəqil namizəd və 38-i koalisiya üzvləri olmaqla 145 nəfər namizəd kimi iştirak edir.

Bosniya və Herseqovinadakı müharibədən sonra keçiriləcək sayca 9-cu seçkidə dövlətin ən yüksək vəzifəsi sayılan Rəyasət Heyətinin bosniyalı, serb və xorvat üzvü postu uğrunda 10 namizəd mübarizə aparır. Rəyasət Heyətinin üzvlüyünə 3 bosniyalı, 5 serb və 2 xorvat namizəd var.

Seçkilərdə 42 nəfərlik üzvü olan Bosniya və Herseqovina Nümayəndələr Palatasına Bosniya və Herseqovina Federasiyasından 28, Serb Respublikasından isə 14 deputat, Bosniya və Herseqovina Federasiyasının Nümayəndələr Palatasına 98, Serb Respublikası Xalq Məclisinə 83 üzv, Bosniya və Herseqovina Federasiyasının 10 kantonundakı parlamentlərə isə 283 nümayəndə seçiləcək.

Demokratik Hərəkat Partiyasının sədri, Bosniya və Herseqovina Rəyasət Heyəti üzvlüyünə namizəd Bakir İzetbeqoviç, müxalifət partiyalarının birgə namizədi olan Sosial Demokrat Partiyasının sədr müavini Denis Beciroviç səsvermədə iştirak edib.

Seçkiyə dair ilk qeyri-rəsmi nəticələrin gecə yarısı açıqlanması gözlənilir.

Oxunma sayı 1681