Böyük qayıdışla həm də regionda böyük inkişaf başlayıb - Könül Nurullayeva

16:00 28.04.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfərində ən çox diqqət çəkən məqamlardan biri azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma prosesinin sürətlə davam etdirilməsidir. Cəbrayıl rayonunun girişindəki lövhənin orijinal üslubun qorunması ilə bərpa olunmasını xüsusi qeyd etmək istərdim.

Bu fikirləri hafta.az-a millət vəkili Könül Nurullayeva deyib. Onun sözlərinə görə, 28 ildən sonra Cəbrayıla qayıdan soydaşlarımız üçün bu abidənin mənəvi baxımdan əhəmiyyəti böyükdür:

"Biz bütün tarixi ərazilərimizi bərpa edəcəyik. Bu torpaqların əsl sahibləri qayıdıb. Bu qayıdış tarixi torpaqlarımızın hər qarışında özünü göstərməkdədir. İlkin mərhələdə infrastruktur layihələrlə yanaşı dini abidələrin bərpası da davam edir. Heydər Əliyev Fondu indi artıq azad olunmuş ərazilərdə də bu nəcib missiyanı yerinə yetirməkdədir. Zəngilan rayonundakı məscidin mövcud binası Fondun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına uyğun olaraq, həm xarici, həm də yerli ekspertlərdən ibarət olan komissiya tərəfindən qiymətləndirilib, binanın konservasiyası və bərpası ilə bağlı təkliflər və layihə hazırlanıb. Biz bu məscidi bərpa etməklə yanaşı, həm də ermənilərin dini obyektlərə qarşı aqressiyasını, ümumiyyətlə, İslam dininə qarşı cinayət xarakterli davranışlarını dünyaya çatdıracağıq. Bu vaxta qədər bu ərazilərə təşkil olunan səfərlər zamanı da kifayət qədər faktlar qeydə alınıb. Hətta İSESCO baş katibinin Ağdam məscidində ermənilərin törətdiyi cinayətlər haqqında fikirləri də nüfuzlu media orqanları tərəfindən yayımlandı. Biz bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik.

Azad olunmuş ərazilərdə həmçinin infrastruktur layihələrinin icrası da uğurla davam etdirilir. Ən vcib məqam ondan ibarətdir ki, bu ərazilərdə aparılan quruculuq prosesi ən müasir texnologiyalara əsaslanır. Ümumiyyətlə, hər dəfə dövlət başçısının bu ərazilərə səfəri zamanı yeni sosial obyektlərin təməli qoyulur. Böyükü ayıdıın birinci addımı isə Zəngilan rayonunun Ağalı kəndində ilk “ağıllı kənd” layihəsinin icrası ilə başladı. Layihənin əsas üstünlüklərindən biri müxtəlif komponentləri özündə birləşdirməsidir. Belə ki, yaşayış, istehsal, sosial xidmətlər, ağıllı kənd təsərrüfatı və alternativ enerji sahələrini əhatə edən layihənin icrası burada əlverişli imkanlar yaradacaq.

Təməli qoyulan və azad olunmuş ərazilərdə sayca 2-ci olan Hava Limanın istifadəyə verilməsi ilə Zəngilanın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi perspektivi yaranır. Məlumdur ki, Füzuli, Zəngilan və Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək.

İşğaldan azad olunmuş ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılması prosesinə də start verilib. Azərbaycan-İran sərhədinin 132 kilometrlik sərhədinin tam bərpa edilməsi, sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işlərinin görülməsi və hərbi hissənin fəaliyyətə başlaması bərpa prosesinin bariz nümunəsidir. İşğaldan azad edilən ərazilərdə Azərbaycan-Ermənistan sərhədinin bərpası prosesi aparılır. Sərhəd boyunca bütün lazımi infrastruktur işləri aparılır. Sərhəddə təbii ki, təhlükəsizlik tədbirləri də ən yüksək səviyyədə həyata keçirilir. Ermənistanın sərhəddə törətdiyi təxribatlarla bağlı prezident İlham Əliyevin sonuncu xəbərdarlığı bir daha təsdiqlədi ki, qarşı tərəf bu çirkin əməllərdən əl çəkməsə, daha ağır nəticələr olacaq. Ermənistan bu sonuncu xəbərdalıqdan nəticə çıxarmağa məcburdur.

Dövlət başçısı ilə görüş zamanı kənd sakinlərinin təəsüratlarından bir daha aydın oldu ki, hər kəs tezliklə öz doğma yurduna qayıtmaq arzusundadır.

Münaqişənin başa çatmasından az müddət keçməsinə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə böyük qayıdış üçün bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir, Azərbaycan sərhədlərinin etibarlı qorunması üçün bütün lazımi işlər görülür. İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ən müasir standartlara uyğun, dost ölkələrin qabaqcıl şirkətləri cəlb olunmaqla həyata keçirilir. Böyük qayıdışla həm də regionda böyük inkişaf başlayıb. Azərbaycan qısa vaxtda Qarabağı regionun ən inkişaf etmiş zonalarından birinə çevirəcək."