Braziliya prezidenti hamamda yaxılıb - başına tikiş qoyulub

10:33 21.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Braziliya prezidenti Luiz İnasio Lula da Silva səhhəti ilə əlaqədar Kazanda keçirilən BRİCS sammitində iştirakdan imtina edib.

Hafta.az-ın yazdığına görə, yerli mətbuat baş verənləri belə yazıb: “Prezident San-Pauludan qayıtdıqdan sonra öz iqamətgahının (Alvorada Sarayı) hamamına gedib və oradakı oturacaqda əyləşib, lakin oturacaq aşıb. Lula yıxılararkən başı yerə dəyib və xəsarət alıb. Xəstəxanaya aparılan prezidentin başına bir neçə tikiş vurulub. “Globo”nun məlumatına görə, tibbi rəydə deyilir ki, MRT-də qanaxma aşkarlanıb ki, bu da yüngül beyin silkələnməsinin əlamətidir.

Lulanın oktyabrın 22-24-də Kazanda keçiriləcək BRICS sammitinə online qatılacağı açıqlanıb. BRİCS sammiti Rusiya üçün böyük diplomatik əhəmiyyət kəsb edir. Kreml bu sammiti Rusiyanın beynəlxalq təcrid olunmadığı platforma hesab edir. Xüsusilə Vladimir Putinin Çin və Hindistan liderləri ilə görüşləri ön plandadır.

Bu il Kazanda keçiriləcək sammitdə Çin prezidenti Si Cinpin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Hindistanın baş naziri Narendra Modi və Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa da iştirak edəcək. Sammitdə bu il BRİCS ölkələrinə qoşulan Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri və Efiopiya da iştirak edəcək. Lakin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman sammitdə iştirak etməyəcək. Onu tədbirdə xarici işlər naziri təmsil edəcək.