BŞTİ-nin rəhbəri bağçalarda aparılan monitorinqlərdən danışıb

15:53 31.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvardan bəri Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki bağçalarda müxtəlif istiqamətlərdə monitorinqlər, inventarizasiya işləri aparılır.

Hafta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

O bildirib ki, burada məqsəd prosesi öyrənmək, düzgün istiqamətə yönəlməkdir.

"Tərbiyəçilərin, rəhbər heyətin işə qəbulu, onların peşəkar inkişafı məsələsi gündəmdə durur. Bildiyiniz kimi məktəbəqədər təhsil üzrə yeni kurikulum təsdiqlənib və buna uyğun olaraq proqramların hazırlanması işləri aparılır. Bizim bu gün əsas məqsədimiz nöqsanları qabartmaq deyil, prosesi öyrənməkdir" - deyə o qeyd edib.

Bağçalarda qidalanmanın düzgün tənzimlənməsi məsələsinə gəlincə Mehriban Vəliyeva deyib ki, bunun üçün dövlət tərəfindən kifayət qədər təminat var.

"Kiçik nöqsanlar ola bilər. Bu nöqsanların aradan qaldırılması üçün əlimizdən gələni edirik. Bir prosesdən digərinə keçmək hər zaman çətin olur. Amma düşünürük ki, bu çətinliklər müvəqqətidir və bunun öhdəsindən gələcəyik. Hansısa nöqsanlara görə, hələ bağça rəhbərlərinin cəzalandırılması istiqamətində ciddi addımlar atılmayıb. Əsas məqsəd kimisə cəzalandırmaq deyil. Əgər, nöqsanlar varsa, həmin nöqsanların aradan qaldırılması istiqamətində addımlar atılır. Prosesə keçid tamamlandıqdan sonra bütün məsələlər tənzimlənəcək" - deyə BŞTİ-nin müdiri bildirib.