“Dərslik məsələsi hər zaman müzakirə olunur. Bizim ən böyük hədəflərimizdən biri dərsliklərin təkmilləşdirilməsi, kurikulum və standartların yenilənməsi və onların şagirdlər üçün daha maraqlı olmasıdır. Biz aşağı siniflər üçün riyaziyyat dərsliklərində kifayət qədər böyük dəyişikliklər etmişik. Şagirdlər üçün kitablar daha cazibədar, maraqlı, oxunaqlı hala gətirilib”.
Hafta.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Təhsil TV-də yayımlanan “Təhsil saatı” verilişində deyib.
O bildirib ki, riyaziyyat fənninin sevdirilərək öyrədilməsində dərsliklərin rolu çox böyükdür:
“Bizim oxuduğumuz dövrdə dərsliklərdə, ümumiyyətlə, şəkillər, təsvirlər, tətbiqi məsələlər və s. çox az olurdu. Riyaziyyatı daha maraqlı etmək üçün dərsliklərin mövzularının həyata tətbiqi ilə bağlı daha çox məsələlər və tapşırıqlar olmalıdır. Bu tip tapşırıqların daha çox olmasına xüsusi diqqət yetirilir”.