Xəzər dənizinin mənzərəli sahilində, “Sea Breeze” kurort kompleksində “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir. Bu tədbir Azərbaycan və qlobal musiqi sənayesinin aparıcı simalarını yenidən bir araya gətirir.
Hafta.az xəbər verir ki, konsert proqramından əvvəl festival iştirakçıları və dəvət olunmuş qonaqlar ənənəvi olaraq qırmızı xalçadan keçərək tamaşaçılara, mediaya əsl musiqi bayramı ab-havası bəxş ediblər. Axşamın ilk dəqiqələrindən festival meydançasında musiqi, canlı işıqlandırma effektləri, xoş ovqat hökm sürüb.
Musiqi axşamı Azərbaycan müğənnisi və “Eurovision-2011” müsabiqəsinin qalibi Nigar Camalın ifasında "Stereotype" kompozisiyası ilə açılıb.
Günün əsas məqamlarından biri “Sea Breeze” Şöhrət Xiyabanında türk ifaçıları Edis və Emre Altuğun adlarına olan ulduzlarının açılışı olub. Sənətçilər mərasimdə iştirak ediblər, sonra jurnalistlər və pərəstişkarları ilə görüşüblər.
Axşam boyunca Azərbaycanın və xarici ölkələrin populyar ifaçıları Tünzalə Ağayeva, Dilarə Kazımova, Elnur Hüseyn, Fərrux Həsənov, Murad Baykayev, Faiq Ağayev, EDIS, Emre Altuğ, EMIN, Ani Lorak və başqaları minlərlə tamaşaçı qarşısında çıxış ediblər. Onların ifa etdikləri sevilən musiqi nömrələri səhnədə möhtəşəm musiqi bayramı ab-havası yaradıb.
Azərbaycanın tanınmış müğənnisi Roza Zərgərli və türk sənətçisi Emre Altuğun birgə ifa etdikləri kompozisiyanın premyerası da böyük maraq doğurub. İlk dəfə “Dream Fest” səhnəsində ifa edilən yeni mahnı tamaşaçılar tərəfindən səmimi qarşılanıb və konsert proqramının ən yaddaqalan məqamlarından birinə çevrilib. Birgə ifa Azərbaycan və Türkiyə sənətçiləri arasında yaradıcı əməkdaşlığın və dünyanın hər yerindən musiqiçiləri bir araya gətirən festivalın beynəlxalq ruhunun təcəssümü olub.
Festival 23-26 iyul tarixlərində “Sea Breeze” kurort kompleksində keçirilir. Onun proqramına məşhur ifaçıların konsertləri, səhnəyə yeni qədəm qoyan sənətçilərin çıxışları, xüsusi musiqi layihələri və yaradıcı əməkdaşlıqlar daxildir.
“Dream Fest”in qonaqları üçün rahat nəqliyyat əlaqəsini təmin etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xüsusi avtobus xidmətləri təşkil edib. Avtobuslar hər gün saat 16:00-dan 20:00-dək “Koroğlu” metrostansiyasının şimal çıxışındakı transfer mərkəzindən festival məkanına qədər hərəkət edir. /AZƏRTAC/