Bu evlərin QİYMƏTİ BAHALAŞACAQ

12:48 19.08.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gün öncə kütləvi informasiya vasitələrində Abşeron rayonunun ərazisindəki təxminən 340 min sənədsiz evə çıxarış (“kupça”) veriləcəyi barədə məlumatlar yayılmışdı.  Həmçinin deyilirdi ki, növbəti mərhələdə Bakıətrafı kənd və qəsəbələrdə sənədsiz evlər sənədləşəcək. Bəs görəsən uzun illərdir həllini gözləyən sənədsiz ev məsələsinin yoluna qoyulması daşınmaz əmlak bazarına nə kimi təsirlər göstərəcək?

Məsələ ilə bağlı hafta.az-a danışan  əmlak eksperti Ramil Qasımzadə bildirdi ki, qeydiyyatsız evlərə çıxarışların verilməsi əmlak bazarına müsbət təsir göstərəcək:

“Qeydiyyatsız evlərin qeydiyyatı ilə bağlı İcra hakimiyyətləri və bələdiyyələr işçi qrupları şəklində plan ölçmə işləri aparıblar. Bütün bu proseslər pandemiyadan öncə yekunlaşsa da, müzakirələr hələ də davam edirdi. Orada elə fərdi yaşayış evləri var ki, təhlükəli ərazilərdə - yüksək gərginlikli elektrik xətlərinin, qaz kəmərlərinin, su borularının, neft buruqlarının, dəmir yol xətlərinin yaxınlığında yerləşir. Ona görə də həmin evlərin sənədləşdirilə bilməsi müzakirə edilirdi. Bu müzakirələr yekunlaşmaq üzrə idi. Hesab edirəm ki, sənədləşdirmə işləri daşınmaz əmlak bazarına bir neçə istiqamətdən çox müsbət təsirlər göstərəcək. Ev alqı satqısı artacaq və bu zaman da büdcəyə daxilolmalar çoxala bilər. İndiyə qədər sənədsiz evlərin alqı-satqısı zamanı həm alıcı həm də satıcılar əziyyət çəkirdilər. Müştərilər təbii olaraq kupçası və hər hansı sənədi olmayan evlərə pul vermək istəmirdilər. Digər tərəfdən notariat xidmətlərinin işinə, sığorta bazarına yaxşı təsir bağışayacaq. Fərdi yaşayış evlərinin sığortalanması daşınmaz əmlak çıxarışının olmaması səbəbindən sığortalana bilmirdi. Ən əsası isə evlərin sənədləşdirilməsi əmlak vergisinin toplanması ilə büdcəyə demək olar ki, hər il milyonlarla manat dəyərində xeyir verəcək”.

Qeyd edək ki, illərdir Azərbaycanda sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməsi problemi gündəmdən düşmür. Prezident İlham Əliyev məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə göstəriş versə də, hələlik konkret nəticə hasil olmayıb. Hələ bir neçə il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən sənədsiz evlərin sayının 700 mindən artıq olduğunu açıqlayıb.