Bu gün Azərbaycan dili imtahanı keçirilib - YENİLƏNİB

14:56 07.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirilib.

DİM-dən hafta.az-a verilən xəbərə görə, imtahan ümumilikdə 21 şəhər və rayonda, 105 binada təşkil olunub. İmtahanda xüsusi təyinatlı təhsil müəssisələrinin – cəzaçəkmə müəssisələrində yerləşən məktəblərin, internat məktəblərinin şagirdləri də iştirak ediblər.

İmtahanda 21 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, serebral iflic və digər) şagird iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib.

İmtahanın idarə olunması üçün 105 ümumi imtahan rəhbəri, 279 imtahan rəhbəri, 2160 nəzarətçi-müəllim ayrılıb, 317 buraxılış rejimi əməkdaşı (mühafizə), 105 bina nümayəndəsi ayrılıb.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Bundan əlavə, 1 nəfərdə yoluxucu xəstəlik – qızılca müşahidə olunduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Bu gündən başlayaraq DİM-də imtahan materiallarının emalı aparılacaq. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin 2 həftə ərzində elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan dili imtahanının ikinci cəhdi iyunun 18-də keçiriləcək. Bu imtahanda iştirak etmək üçün qeydiyyat 25 may – 5 iyun tarixlərində olacaq.

*** 09:00

Mayın 7-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirir. Bu gün, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları Azərbaycan dilindən (dövlət dili kimi) imtahan verirlər.

DİM-dən hafta.az-a bildirilib ki, imtahan ümumilikdə 21 şəhər və rayonda, 105 binada aparılır. İmtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanda 30 tapşırıq təqdim olunur:

- Dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə

cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);

- Dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;

- Oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə

cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).

İmtahanın müddəti 1 saat 30 dəqiqədir.

Builki 9-cu və 11-ci siniflər imtahanda maksimum 100 bal toplaya bilər. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

İmtahanda ümumilikdə 23108 (Bakıda 15624, Sumqayıtda 875, Abşeronda 809, Naxçıvanda 70, Gəncədə 1530, Şəmkirdə 84, Tovuzda 168, Mingəçevirdə 215, Yevlaxda 109, Şəkidə 152, Zaqatalada 337, Balakəndə 222, Qəbələdə 193, Qaxda 194, Bərdədə 231, Göyçayda 258, Şirvanda 308, Lənkəranda 363, Qubada 243, Qusarda 498, Xaçmazda 625) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.

İmtahanın idarə olunması üçün 105 ümumi imtahan rəhbəri, 279 imtahan rəhbəri, 2160 nəzarətçi-müəllim, 317 buraxılış rejimi əməkdaşı (mühafizə), 105 bina nümayəndəsi ayrılıb.