Bu gün Yaponiyanın paytaxtı Tokio şəhərinin ABŞ tərəfindən bombalanmasından 78 il ötür.
Hafta.az-ın yazdığına gğrə, tam 78 il əvvəl Tokio səmasına daxil olan Amerikanın 279 ədəd B-29 ağır bombardmançı təyyarəsi tarixin ən dağıdıcı şəhər bombardmanlarından birini həyata keçirib. Xüsusilə yandırıcı bombalarla ağır zərbə alan şəhərə 1500 tondan çox bomba atıldı. 41 kvadratkilometrlik bir şəhər tamamilə yandırılaraq külə çevrildi və təbii ki, nəticədə 100 min insan həlak oldu.

Qeyd edilir ki, 10 mart 1945-ci ildə Tokio bombardmanının miqyası və dağıdıcılığı atom bombalarının təsirindən daha böyük idi. Hücum nəticəsində 200 mindən çox ev tamamilə dağılıb, bir milyondan çox yapon evsiz qalıb.

Hücumda ölənlərin əksəriyyətini bombalar səbəbindən sığındıqları evlərdə və məktəblərdə yananlar təşkil edib.

Sonrakı günlərdə Yaponiyanın digər şəhərləri də oxşar hücumların hədəfinə çevrilib, on minlərlə dinc sakin həyatını itirib. Bu hücumlar yaxın tarixdə mülki ərazilərə qarşı ən şiddətli bombardmanlardan biri kimi tarixə düşüb.