Bu il Rəqabət Məcəlləsinin qəbulu mümkün olacaqmı? - ARAŞDIRMA

15:57 29.11.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda uzun illərdir ki, Rəqabət Məcəlləsinin qəbulu istiqamətində müzakirələr gedir. Bununla bağlı 2019-cu ildə Prezident İlham Əliyevin sahibkarlığın inkişafı sahəsində əlavə tədbirlər haqqında sərəncamında da Rəqabət Məcəlləsinin hazırlanmasına dair hökumətə tapşırıq verilib.

Amma sözügedən Məcəllənin qəbulunun ölkə iqtisadiyyatının inkişafı üçün vacib amil olduğu dəfələrlə önə sürülməsinə baxmayaraq, indiyədək bu istiqamətdə konkret olaraq hansısa addım atılmayıb.Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli isə bu yaxınlarda Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüşü zamanı deyib ki, rəqabətə zidd davranışların qarşısının alınmasına dair nəzarət mexanizmlərinin təkmilləşdirilməsini özündə ehtiva edən Rəqabət Məcəlləsi qısa müddətdə hökumətə təqdim olunacaq. Bəs, görəsən, bu ilin sonunadək Rəqabət Məcəlləsini qəbul etmək mümkün olacaqmı? Bu sənədin qəbulu niyə yubanır? Yeni sənəddə hansı məsələlərin yer alması zəruridir?

Yeni sənəd parlamentə hələ ki, daxil olmayıb

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Rəqabət Məcəlləsinin hazırlanması və qəbulu uzun müddətdir müzakirə edilən məsələlərdəndir: “Bu sənədin qəbulu vacibdir. Bununla bağlı artıq müzakrələr gedir. Bu istqamətdə layihənin hazırlanması ilə bağlı İqtisadiyyat Nazirliyi də rəsmi açıqlamalar vermişdi. Gözlənilir ki, 2022-ci ildə Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı proseslər daha aktiv, müzakirələr daha intensiv olacaq”.

Millət vəkili vurğulayıb ki, bu sənəd iqtisadiyyatda rəqabətin gücləndirilməsi baxımından çox vacibdir:

“Hətta əvvəlki dövrlərdə parlamentdə Rəqabət Məcəlləsinin müzakirəsi həyata keçirilib. Rəqabət Məcəlləsi vacib bir sənəddir. Bu məcəllənin qəbulunun bazara və bütövlükdə ölkə iqtisadiyyatında rəqabətin formalaşmasına və müdafiəsinə təsirləri xüsusi qiymətləndirilməlidir. O baxımdan Rəqabət Məcəlləsinin hazırlanması və qəbulu məqsədəuyğundur. Bazarda rəqabətin qorunması və bütövlükdə xalis rəqabətin müdafiə edilməsi Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə də uyğundur. Digər tərəfdən, Rəqabət Məcəlləsinin qəbulu nəticə etibarı ilə Azərbaycan üçün, xüsusən də sahibkarlar üçün rəqabət baxımından yeni imkanlardır. Bu, bazara çıxış, bazarda rəqabət imkanlarını artıracaq. Xalis rəqabət bir tərəfdən sahibkarların gəlirliliyinə təsir göstərəcək, eyni zamanda istehlak bazarındakı qiymətlərə təsir göstərən faktorlardan biridir. Bu baxımdan, sözügedən Məcəllənin qəbulu və icrası sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və xüsusən kiçik və orta müəssisələrin inkişafı baxımından yeni imkanlar açacaq. Bu, nəticədə azad sahibkarlığın daha da inkişafına xüsusi töhfə verəcək. Güman edirik ki, yeni sənəd bu istiqamətdə mövcud olan boşluqların aradan qaldırılmasına imkan yaradacaq və 2022-ci ildə bu istiqamətdə işlər daha intensiv aparılacaq. Sənəd Milli Məclisə daxil olduqdan sonra isə layihənin detalları barədə məlumat vermək mümkün olacaq. Amma bütövlükdə Rəqabət Məcəlləsinin əsas məqsədi iqtisadiyyatda rəqabətin gücləndirilməsi, azad sahibkarlığın daha yaxından dəstəklənməsi və gizli iqtisadiyyata qarşı mübarizənin daha da intensivləşdirilməsini özündə ehtiva edəcək".

Bu məsələdə xeyli gecikmişik

Məsələ ilə bağlı hafta.az-a danışan iqtisadçı alim Əli Əlirzayev qeyd edib ki, rəqabət qabiliyyətinin təmin edilməsi bazar iqtisadiyyatının yaradılması, təşəkkülü və inkişafının əsas prinsipidir:

“Məlumdur ki, artıq neçə illərdir bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Belə olan şəraitdə rəqabət qabiliyyəti əsas meyar və hədəfdir. Belə bir qanunun qəbul edilməsi ölkə iqtisadiyyatının gələcək inkişafı yolunda əsas təkanverici qüvvə rolunda çıxış edəcək.  Rəqabət Məcəlləsi rəqabət qabiliyyətli iqtisadiyyat yolunda ali məqsəddir. İqtisadi artımın davamlı inkişafını təmin etmək istəyiriksə, uzun müddətli rəqabət qabiliyyətli müəssisə, məhsul yaratmalıyıq. Yəni məhsulun, fəaliyyətin rəqabət qabiliyyəti təmin edilməli, sahibkarlar öz məhsullarını satmaq üçün bazar tapmalıdırlar. Bu yolda da onlara Rəqabət Məcəlləsi yardımçı olur.  Ona görə də rəqabət qabiliyyəti üzrə prinsiplərin olması mütləq lazımdır. Onun üçün də müasir dövrün tələblərinə cavab verən innovasiyalı, yeni keyfiyyətli məhsul istehsal edilməli, sahibkar üçün stimul yaradılmalı, bazarlar genişləndirilməlidir. Həmçinin burada kadr potensialı da mühüm rol oynayır. Rəqabət mühitində tələblə təklif amili də mühüm əhəmiyyət kəsb edir. Digər məhsulları istehsal edən müəssisələrlə rəqabətə girmək lazımdır. Bu bazar iqtisadiyyatı şəraitində onun diktəsilə edilən bir yarışdır. Rəqabət qabiliyyətinin olması müəssisələrin uzunmüddətli davamlı inkişafına da stimul yaradır, eyni zamanda onun gəlirləri artır. Gəlirlərin artırılması ilə müəssisə yeni-yeni axtarışlara meyl edir, müasir texnologiyalar tətbiq edir, tədqiqatlar aparır. Ona görə də sahibkarlığın inkişafında əsas amil olaraq məhz rəqabət qabiliyyəti çıxış edir. Təbii ki, rəqabət qabiliyyətinin təmin edilməsi üçün hüquqi baza olmalıdır. Bu baza rolunda da məhz Rəqabət Məcəlləsi çıxış edir. Onun əsaslarını, hüquqi və qanunvericilik bazasını yaratmaq, təşkilatı-iqtisadi strukturları təkmilləşdirmək, iqtisadiyyatın inkişafını təmin etmək üçün belə bir Məcəllənin qəbulu nəinki mümkün, hətta vacibdir. Əslində Rəqabət Məcəlləsi çoxdan hazırlanmalı idi, biz bu məsələdə xeyli yubanmışıq. Məcəllədə hansı əsas məqamların yer almasına gəlincə,, bütün qanunlarda olduğu kimi, Rəqabət Məcəlləsində də müəyyən mənada müasir şərait nəzərə alınmalı, burada qanunun nəyi tənzimləyəcəyi, hansı istiqamətdə və nə kimi işlər görüləcəyi öz əksini tapmalıdır”.

Qanun var, amma köhnəlib

Qanunun hüquqi tərəfləri barədə hafta.az-la fikirlərini bölüşən hüquqşünas Əkrəm Həsənov da hesab edir ki, ölkədə sağlam rəqabət və iqtisadi inkişaf üçün Rəqabət Məcəlləsi qəbul edilməlidir:

"Müasir cəmiyyətin iqtisadi inkişafı üç məsələdən asılıdır. Birincisi şəxslərin mülkiyyət hüququnun müdafiəsidir. İkinci məsələ şəxslərin bağladıqları müqavilələrin icrasıdır. Yəni mən kimləsə müqavilə bağlayıramsa, mən istəyirəm ki, qarşı tərəf öz öhdəliyini yerinə yetirsin. Öhdəliyini yerinə yetirməyəndə mən əmin olmaq istəyirəm ki, məhkəmə məni müdafiə edəcək və qarşı tərəfi öz öhdəliyini icra etməyə məcbur edəcək. Üçüncü məsələ sağlam rəqabətdir. Çünki ola bilər ki, mənim mülkiyyət hüququm qorunur, hətta müqavilələr də icra olunur, amma ölkədə elə vəziyyətdir ki, sahibkarlar arasında bərabərlik yoxdur. Yəni kimsə qeyri-sağlam rəqabət aparır, ona şərait yaradılır. O da bu inhisarçı vəziyyətindən sui-istifadə edir. Kimsə hansısa bir sahəni inhisara alıb, orada heç kim fəaliyyət göstərə bilmir. Fəaliyyət göstərmək istəyənə də imkan vermirlər. Azərbaycanda demək olar ki, bütün sahələrdə inhisarçılıq var, bu inhisarlar isə oliqarx məmurlardır. Ona görə də onlar Rəqabət Məcəlləsinin qəbulunu yubadırlar.

Ekspert vurğulayıb ki, hazırda Azərbaycanda rəqabət mühitini tənzimləyən qanunvericilik bazası mövcuddur. Amma həmin sənədlər çoxdan qəbul edildiyindən köhnəlib və müasir standartlara cavab vermir: “İnhisarçılıq fəaliyyəti hazırda qüvvədə olan “Antiinhisar fəaliyyəti haqqında” qanunla, haqsız rəqabəti isə “Haqsız rəqabət haqqında” qanunla tənzimlənir. Lakin bu sənədlər köhnəlib və standartlara cavab vermir. Həm də sözügedən sənədlərdə bu məsələlər detallı əksini tapmayıb. Bu boşluqları aradan qaldırmaq üçün yeni Rəqabət Məcəlləsi lazımdır. Məcəllədə bütün məsələlər detallı şəkildə yazılmalıdır. Yəni, sənəddə sahibkardan tutmuş istehlakçıya kimi hər kəsin maraqları nəzərə alınmalıdır. Çünki haqsız rəqabətdən və inhisarçılıqdan əsas əziyyət çəkən də istehlakçıdır. Məhz bu vəziyyət ölkədə qiymətlərin sürətlə artmasına gətib çıxarıb. Hesab edirəm ki, yeni Məcəllə elə işlənməlidir ki, bazardakı inhisarçılarla mübarizə aparmaq, azad sahibkarlığın inkişafını təmin etmək, istehlakçı maraqlarını qorumaq mümkün olsun”.

Oxunma sayı 52