Bu şəhər 35 gün sonra SUSUZ QALACAQ

08:35 20.08.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin tarixi şəhərlərindən olan Bursansanın ən əhəmiyyətli içməli su mənbəyi – Nilüfər anbarı tamamilə quruyub. Uludağın ətəyində yerləşən və su tutumu 60 milyon kubmetr olan bənddəki quraqlığı pilotsuz uçuş aparatları ilə lentə alınıb. Nəticədə ortaya çıxan mənzərə şəhərin su böhranının miqyasını vurğulayır.

Hafta.az-ın yazdığına görə, 110 milyon kubmetr su tutumu ilə şəhərin digər su mənbəyi olan Doğancı anbarında suyun səviyyəsi 19 faizə düşüb. Səlahiyyətlilər, mövcud rəqəmlərə əsaslanaraq, Bursaya cəmi 35 günlük su qaldığını bildirib. Bu vəziyyət şəhərdə suya qənaətin vacibliyini bir daha göstərir.

Bursa Böyükşəhər Bələdiyyə Başçısı Mustafa Bozbəy, sentyabrın 1-dən etibarən yeni tikilən Çınarcık anbarından Doburcadakı obyektə gündəlik 110 min kubmetr suyun nəql ediləcəyini açıqlayıb. Bozbəy Bursa valisi Erol Ayyıldızla bəndin vanasını açacaqlarını və şəhərin su qıtlığının aradan qaldırılması üçün sürətlə lazımi addımların atıldığını bildirib. O xəbərdarlıq edib ki, “hər hansı fasilənin qarşısını almaq üçün çalışırlar, lakin hər kəs sudan qənaətlə istifadə etməlidir”.

Əvvəlki illərdə edilən xəbərdarlıqları xatırladan Bozbəy, Türkiyənin indiki şərtlərdə 2040-cı illərdə səhralaşma riski ilə üzləşə biləcəyini vurğulayıb. O, həmçinin qeyd edib ki, sentyabrın ortalarından etibarən yağış gözlənilir ki, bu da bəndlərdə suyun toplanmasına səbəb ola bilər.

Bozbəy Çınarcık anbarı dolama xəttində işlərin ilin əvvəlində başladığını və elm adamlarının rəhbərliyi ilə layihələr hazırladıqlarını qeyd edib. Bozbəy, 2025-ci ilin yayında temperaturun yüksələcəyini gözlədiklərini və bu kəmərin istifadəyə verilməsinin heç bir su kəsintisi yaratmadan həll yolu tapacağını bildirib. O, Bursa sakinlərini bir müddət daha səmərəli su istifadəsinə diqqətli olmağa çağıraraq, şəhərin bu çətin dövrü birlikdə aşacağını vurğulayıb.