Hazırda xarici ölkələrdə öz vəsaiti hesabına təhsil alan azərbaycanlı tələbələrin sayı 42 min nəfərdir.
Bu fikirləri hafta.az-a təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, onlardan 21 min 600-ü qardaş Türkiyədə, 8 mini Ukraynada, qalan 6 minə qədəri Rusiya və Gürcüstanda, eyni zamanda, digər Avropa və ABŞ universitetlərində təhsil alırlar:
“Birmənalı şəkildə qeyd edim ki, nüfuzlu universitetlərdə öz vəsaiti hesabına təhsil alan gənclərin Azərbaycanda təhsil sənədlərini rahat şəkildə təsdiqlədə bilirlər. Amma Ukrayna, Gürcüstan və Rusiyada təhsil alanlar bu məsələdə ciddi problem yaşayırlar. Çünki müsahibə mərhələsində həmin gənclərin ya tədris dilini bilmədikləri, ya da təhsil aldıqları ölkədə cəmi 2-3 dəfə olduqları ortaya çıxır. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi bu məsələdə haqlıdır. Məsələn, Azərbaycanda distant təhsil tanınmır, amma gənclər gedib oxuyurlar. Qiyabi təhsil alma forması bizdə tanınmır, amma yenə də gənclər təhsil alırlar. Xaricdə təhsil almaq istəyən gənc təhsil sənədinin tanınmasını istəyirsə, dövlətin müəyyən etdiyi qaydada təhsil almalıdır ki, sonradan diplom sənədinin tanınmasında hansısa problem yaşamasın”.