İyirmi səkkiz illik Vətən həsrətinə nəhayət ki, son qoyuldu. İndi məcburi köçkünlərimiz tezliklə öz ata-baba torpaqlarına qayıtmağı, qurub-yaratmağı düşünürlər. Onların arasında Cəbrayıl sakinləri də var. Rayonun Daş Veysəlli kəndinin təqaüdçü müəllimi İsmayıl Quliyev Cəbrayıla qayıtdıqda 1 il təmənassız müəllim işləyəcəyini əhd edib və indi həmin arzu reallaşmaq üzrədir.
Cəbrayılın Daş Veysəlli kəndinin sakinləri torpaqlarımızın işğaldan azad edilməsi xəbərinə görə sevinc içindədirlər. Arzuları çin olan sakinlər doğma yurdlarında həyatlarına davam etməyi səbirsizliklə gözləyirlər. Azərtac-ın müxbiri Quliyevlər ailəsinin qonağı olub, onların sevinc hisslərini bölüşüb.
İsmayıl Quliyev sevinc hisslərini ifadə edərək deyib:
“Bizim ürəyimiz təkcə Daş Veysəlli və Cəbrayılla yox, bütün Qarabağla döyünür. 30 ilə yaxındır ki, Vətəndən uzaq qalmışıq. Düzdür lazimi şərait yaradılıb, dövlət qayğısı ilə əhatə olunmuşuq, amma Vətənsiz sanki həyat dayanmışdı. İndi bizim yarım qalan arzularımız həyata keçir. Bu sevincli günlər üçün Ali Baş Komandana və ordumuza təşəkkür edirəm, Bütün azərbaycanlıları təbrik edirəm. Mən uzun illər müəllim işləmişəm indi isə təqaüdçüyəm. Amma əhd etmişəm ki, Cəbrayılda 1 il təmənnasız çalışacağam”.
Həmsöhbətimiz Cənrayıldan köçkün düşəndə özü ilə gətirdiyi yadigardan da söz açıb. “Gördüyünüz bu tar mənim böyük oğlumun olub, 1984-ci ildə bu tarla ifa etməyi öyrənib. Bizim üçün bu tar hər zaman doğma yurdumuzu xatırladır. Burada yaşayanda isə bu tarı nəvəm ifa edirdi, hazırda o, hərbçidir, Vətənin keşiyindədir. İndi isə bu tar öz adımı daşıyan nəvəmə əmanətdir”, - deyə o bildirib.
Ötən 27 ildə bu tar ifa olunanda ailədə Vətən nisgili hiss olunurdu, lakin indi bu kədər-qəm sevinclə əvəzlənib.
Sevinc hislərini göz yaşları ilə dilə gətirən Tanya Quliyeva deyib ki, illərdir Cəbrayılın, Qarabağın azad olunması arzusu ilə yaşayıb: “Şükürlər olsun ki, ən böyük arzumuz gerçək oldu. Bizim üçün Azərbaycanın hər yeri Vətəndir, lakin doğma yurdumuza qayıtmaq bizim üçün əvəzsiz bir hədiyyədir. Bu sevinc hislərinə görə Ali Baş Komandanımıza təşəkkür edirik”.