Çeçen komandir Ukraynanın qələbəsindən sonra Çeçenistanın da azad olacağından danışdı

15:30 08.04.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukraynada Rusiya ordusuna qarşı döyüşən çeçen komandir Müslüm Madiyev hesab edir ki, Rusiya bütün hallarda parçalanmalıdır. Onun fikrincə, ruslarla danışmağın mənası yoxdur, çünki onlar onsuz da aldadacaqlar.

Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, çeçen komandir bu barədə “RBK-Ukrayna”ya müsahibəsində danışıb.

"Bəli, bəli, mütləq. Onlarla danışmaq, onlarla hər hansı söhbət etmək mümkün deyil, sizi aldadacaqlar. Onlarla danışıq apara bilməzsiniz. Əgər Rusiya ilə danışıqlar aparırsınızsa, onları aşağı yerə qoymaq lazımd, qoy  bilsinlər ki, başlarına dəyənək dəyəcək”- deyə M.Madiyev bildirib.

Komandir onu da vurğulayıb ki, müharibənin dondurulmasından söhbət gedə bilməz, çünki Rusiya Federasiyası hazırlaşıb yenidən üzərimizə gələcək.

"Əgər onlar bacardıqlarını hiss etsələr, o zaman yenidən irəli gələcəklər. Biz boz zona yaratmalıyıq ki, onlardan 200 kilometr aralıda olsun və onları Moskvanın yaxınlığına qovaq", - deyə Madiyev izah edib.

Bundan əlavə, o, Birinci Çeçenistan Müharibəsi zamanı çeçen silahlı qüvvələrinin Rusiya Federasiyasını necə məğlub edə bildiyini xatırladıb.

"Onlar o vaxt zəif idilər. Dərhal "sülhməramlı" Lebedevi tapdılar və dayanmaq qərarına gəldilər. Biz də düşündük ki, dayanacaqlar. Çünki biz qalib gəlmişdik; Qroznıda əməliyyat keçirdik, bir gecədə orada olan bütün rus bölmələrini mühasirəyə aldıq. Artıq getməyə gedəcək yerlərə yox idi, ona görə də danışıqlara getdilər”, - deyə hərbçi bildirib.

"Onda ruslar iki saata Qroznını alacaqlarını deyirdilər, ancaq çeçen qoşunları bunu bir gündə bacardılar"- deyən M.Madiyev bir daha təkrar edib ki, heç bir halda münaqişə dondurulmamalıdır.

Azad Çeçenistana qayıdacağına inanıb-inanmadığını soruşduqda o, belə cavab verib:

"Nəinki inanıram, gəlib onu azad edəcəyəm".

Eyni zamanda, onun sözlərinə görə, bu, Ukrayna qalib gəldikdən sonra baş verəcək…