Çeçenistanda qanun pozucuları, o cümlədən yol hərəkəti qaydalarını pozanlar Ukrayna ilə müharibəyə göndərilir.
Hafta.az-ın yazdığına görə, bu barədə Çeçenistan prezidenti Ramzan Kadırov məlumat verib.
Silahlı qüvvələrin komandirləri ilə görüşdə Kadırov problemli gənclərlə daha səmərəli işləmək lazım olduğunu bildirib. O qeyd edib ki, gənclər arasında mütəmadi olaraq cinayət törədən, “boş, əxlaqsız həyat tərzi” keçirənlər var.
Çeçenistan rəhbəri yol hərəkəti qaydalarını qəsdən pozmaq, müəyyən edilməmiş yerdə park etmək və qadağan olunmuş maddələrin təsiri altında nəqliyyat vasitəsini idarə etmək kimi cinayətləri törədənlərin də eyni cür cəzalandırılacağını deyib.
“Biz bir neçə dəfə belə vandallara xəbərdarlıq etmişik. Bundan sonra onlarla söhbət qısa olacaq. Qanuna hörmət etməsəniz, ya maksimum müddətə həbsxanaya düşəcəksiniz, ya da müqavilə bağlayaraq müharibə zonasına gedəcəksiniz. Orada siz düşmənə cəsarətinizi, igidliyinizi və çevikliyinizi göstərəcəksiniz”, - deyə Kadırov bildirib.
Çeçenistan rəhbəri bildirib ki, bu cür yanaşma qanun pozucularını inzibati məsuliyyətə cəlb etməkdən daha məqsədəuyğundur. O, respublikada 2500 nəfərlik yeni alayın formalaşmasını nəzərə alaraq bunu “ağıllı” adlandırıb. O, Dövlət Dumasının deputatı Adam Delimxanova da məsələni nəzarətə götürməyi tapşırıb.
Sentyabrın sonunda Ramzan Kadırov respublikada əlavə ehtiyat hissələrin yaradılması imkanının nəzərdən keçirildiyini açıqlayıb. O bildirib ki, bununla bağlı “yerlərdə məsul şəxslərə” tapşırıqlar verilib.