Ceyhun Bayramov Şimali Makedoniyanın Baş naziri ilə görüşüb

22:12 22.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

22 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniya Respublikasının Baş naziri Dimitar Kovaçevski ilə görüşüb.

Xarici İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, görüş zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələr və regional vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanla Şimali Makedoniya arasında ikitərəfli dostluq münasibətlərindən məmnunluğunu bildirib. Azərbaycan tərəfindən energetika sahəsində həyata keçirilən işlər və gələcək planlar qarşı tərəfin diqqətinə çatdırılıb. Nazir, 30 il ərzində ərazilərimizin işğalı, şəhər və kəndlərin dağıdılması, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı tərəfimizdən görülən işlər, habelə Ermənistan tərəfinin son təxribatları ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib.

Baş nazir Dimitar Kovaçevski ölkələrimiz arasında münasibətlərin daha da inkişafında maraqlı olduqlarını, qurumlar arasında dialoqun davam etdirilməsinin vacibliyini səsləndirib. Azərbaycanın Avropanın enerji təminatına töhfəsi xüsusi vurğulanıb.

Tərəflər, həmçinin ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini, habelə digər qarşılıqlı maraq doğuran istiqamətləri müzakirə ediblər.

Oxunma sayı 1252