Rusiya ədliyyə nazirinin müavini Vadim Balanin rəsmi nikahsız birgə yaşamaq tendensiyasının ölkənin milli təhlükəsizliyinə və demoqrafik gələcəyinə təhdid yaratdığını bildirib.
Hafta.az yazır ki, Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda çıxış edən Balanin son illərdə ailə münasibətlərində əhəmiyyətli dəyişikliklərin baş verdiyini və nikahdankənar birgə yaşamağın geniş yayıldığını qeyd edib.
O, həmçinin boşanma nisbətlərinin yüksək olaraq qaldığını qeyd edərək, bu tendensiyaların Rusiyanın demoqrafik sağlamlığına mənfi təsir göstərə biləcəyini deyib. Rəsmi şəxsin sözlərinə görə, ailə institutunun zəifləməsi uzunmüddətli perspektivdə dövlətin fundamental strukturları üçün risk yaradır.
Balanin Qərb ölkələrində ənənəvi dəyərlərin yenidən qiymətləndirildiyini və bu prosesin Rusiyaya da mənfi təsir göstərə biləcəyini iddia edib. O, ailənin, analığın, atalığın və uşaqların qorunmasının dövlətin əsas vəzifələrindən biri olduğunu vurğulayıb və Ədliyyə Nazirliyinin ailə münasibətlərinin möhkəmləndirilməsi səylərini dəstəklədiyini qeyd edib.
Balanin həmçinin Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin son iki ildir nəzərdən keçirildiyini və bəzi məsələlərin daha geniş müzakirə tələb etdiyini bildirib. Rusiya hakimiyyəti son zamanlar ailə institutunu dəstəkləmək üçün yeni tədbirlər üzərində işləyərkən, Federasiya Şurasının sədri Valentina Matviyenko da nikahların qeydiyyatı üçün 350 rubl dövlət rüsumunun ləğvini təklif edib.