Yaponiya 10 qram torpaq üçün Marsa aparat göndərir

09:45 26.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Marsın peyki Fobosdan torpaq nümunələri toplamaq üçün nəzərdə tutulmuş yapon kosmik aparatı Taneqasima adasındakı kosmodroma çatdırılıb və buraxılışa hazırlıq mərhələsindədir.

Hafta.az xəbər verir ki, missiyanın 2026-cı ilin payızında ağır "H3" daşıyıcı raketi vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Marsa qədər olan uçuş təxminən bir il davam edəcək. MMX (Martian Moons eXploration) missiyasının kosmik zondu 2027-ci ildən 2030-cu ilə qədər Marsın təbii peykləri olan Fobos və Deymosu tədqiq edəcək.

Qurğunun eniş aparatı Fobosa eniş edərək oradan ən azı 10 qram torpaq nümunəsi götürməlidir. 2031-ci ildə isə zondun içərisində torpaq nümunələri olan kapsulu Yer kürəsinə çatdırması gözlənilir.

Bu kosmik missiya Qırmızı planetin peyklərinin mənşəyini aydınlaşdırmaq məqsədilə hazırlanıb. Tədqiqat çərçivəsində Fobosa kiçikölçülü özüyeriyən modulun endirilməsi də nəzərdə tutulur.

Xatırladaq ki, 2019-cu ilin fevralında Yaponiyanın "Hayabusa-2" zondu Ryuqu asteroidindən süxur nümunələri götürmüşdü. 2020-ci ilin dekabrında isə aparat nümunələrin olduğu kapsulu Avstraliyadakı poliqona çatdırmışdı. Bundan sonra zond başqa bir asteroidi öyrənmək üçün yeni ekspedisiyaya yola düşmüşdü./"Kyodo"/