Çin 22 ölkəyə ümumilikdə 240 milyard dollar kredit verib

10:05 29.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son 20 ildə Çin 22 inkişaf etməkdə olan ölkəyə ümumilikdə 240 milyard dollar kredit verib.

Hafta.az-ın yazdığına görə, bu barədə məlumat Dünya Bankı, Harvard Kennedi Məktəbi, AidData və Kiel Qlobal İqtisadiyyat İnstitutu tərəfindən yazılmış 40 səhifəlik hesabatda yer alıb. Qeyd olunub ki, buna uyğun olaraq, Çinin son 20 ildə verdiyi xarici kreditlərdə böyük artım olsa da, əslində bunun 80 faizinin 2016-2021-ci illər arasında verildiyi müəyyən edilib.

Məlumata görə, kreditlərin əhəmiyyətli bir hissəsi Çinin “Yeni İpək Yolları” layihəsində iştirak edən Argentina, Monqolustan, Misir, Pakistan, Şri-Lanka və Türkiyə kimi ölkələrə verilib.

Hesabatda bildirilir ki, Çin borcalanlara defoltdan qaçmağa və ən azı qısa müddətdə kreditlərini qaytarmağa davam etməyə kömək göstərən sistem hazırlayıb.

Hesabatda vurğulanıb ki, Çinin kreditləri BVF və ABŞ-ın verdiyi kreditlərlə müqayisədə həcmcə az olsa da, son illər ciddi artım var.

Çinin 150-dən çox ölkənin iştirakını nəzərdə tutduğu bu layihə Qərbdəki rəqibləri tərəfindən ləkələnir və iddia olunur ki, guya Çin bu yolla yoxsul ölkələri borc tələsinə salır. Təbii ki, Çin hökuməti çərşənbə axşamı məsələ ilə bağlı tənqidləri rədd edərək, bu xoş missiyanı ittiham edənləri "Çini ləkələməkdə" günahlandırıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq ittihamları rədd edərək deyib: “Çin heç kimi borc almağa məcbur etmədiyi kimi, heç bir ölkəni borcları ödəməyə məcbur etməyib, kredit müqavilələrinə siyasi şərtlər qoymayıb və sair”.

Çinin dövlət başçısı Si Cinpin hər fürsətdə layihənin beş prinsipi olduğunu söyləyib: “Bu beş prinsip pul dövriyyəsini artırmaq, yol əlaqələrini yaxşılaşdırmaq, maneəsiz ticarəti təşviq etmək, siyasət kommunikasiyasını sürətləndirmək, insanlar və cəmiyyətlər arasında anlaşmanı gücləndirməkdir”.

2013-cü ildə “Bir kəmər, bir yol” layihəsini açıqlayan cənab Cinpin tərəfindən verilən məlumatlara görə, "iqtisadi kəmər" adlandırılan dəmir yolu xəttinin ətrafındakı ərazidə 3 milyard insan yaşayır. Bu səbəbdən xətt dünyanın ən böyük iqtisadi bazarı olaraq görülür.

Əsasən Asiya, Afrika və Avropanı birləşdirməyi hədəfləyən “Bir kəmər, bir yol” təşəbbüsü şosse yolları, dəmir yolları, dəniz limanları və enerji ötürücü xətlər də daxil olmaqla milyardlarla dollarlıq infrastruktur investisiya layihələrini əhatə edir.

Layihə ilk dəfə elan ediləndə, həyata keçirilməsi üçün onlarla ölkəyə 8 trilyon dollar kredit verəcəyini bildirən Çin hökuməti ilk illərdə artıq bəzi qurumlara milyardlarla dollar ianə edib. İpək Yolunun infrastrukturuna 200 milyard dollardan çox vəsait xərcləyən Pekinin nəhəng layihəsinin qrantlar xaricində 2027-ci ilədək 1,3 trilyon dollara çatacağı təxmin edilir.

Çin rəsmilərinin məlumatına görə, layihəyə 150-yə yaxın ölkə maraq göstərir. Qərb ekspertləri isə bunun 70-i keçməyəcəyi qənaətindədirlər.

Siyasət rubrikasından digər xəbərlər