Çin Milli Konqresi “ona qarşı güclənən təhdidlər” qarşısında bu il hərbi xərclərini 7 faizdən çox artıracağını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, qısa zamanda hakimiyyəti təhvil verməsi gözlənilən baş nazir Li Keqiang konqresdəki çıxışında "xaricilərin Çini sıxışdırmaq və nəzarət altına almaq cəhdlərinin artdığını" bildirib. "Silahlı qüvvələr hərbi və ümumi hazırlığı gücləndirməlidir", - deyib Li.
Bundan əlavə, konqresdə ölkənin 2023-cü il üçün böyümə hədəfi 5 faiz olaraq açıqlanıb.
Pekinin 225 milyard dollarlıq hərbi büdcəsi 4 dəfə böyük olan ABŞ hərbi büdcəsi ilə müqayisədə hələ də zəif hesab edilir. Çinin hərbi xərclərini iqtisadi artım gözləntilərini üstələməsi də onun silahlı qüvvələrini gücləndirmək əzminin göstəricisi kimi şərh edilir.
ABŞ rəsmiləri Çinin yaxın illərdə Tayvanı işğal edə biləcəyi ilə bağlı xəbərdarlıq etməsinə rəğmən Pekin hərbi təlimlərini davam etdirməkdədir.
Tayvanla bağlı artan gərginliyə toxunan Li, Çinin sülhü dəstəkləməli, eyni zamanda Tayvanın müstəqilliyinə qarşı çıxmaq üçün qəti addımlar atmalı olduğunu bildirərək mülayim bir mövqe sərgilədiyib.
Bu arada, Çin ABŞ-la getdikcə gərginləşən münasibətlər və 1961-ci ildən bəri əhalinin sayının ilk dəfə azalması da daxil olmaqla bəzi problemlərlə üzləşir.
Səlahiyyətlilər ölkədə doğuş nisbətini artırmaq üçün uşaq baxımı və təhsil xərclərini azaltmağı planlaşdırır.