Asiya Oyunlarında iki Çin idmançısının forma nömrələri 1989-cu ildə Tiananmen meydanındakı etirazlara istinad kimi qəbul edildiyi üçün görüntülər senzuraya məruz qalıb.
Hafta.az-ın yazdığına görə, ölkədə Twitter-in ekvivalenti olaraq istifadə edilən sosial media platforması Weibo-da paylaşılan fotoşəkillərdə Çin idmançıları Lin Yuvey və Vu Yanninin yarışmada istifadə etdikləri fəndlər 1989-cu ildə baş verən hadisələrə istinad kimi qiymətləndirilib.
İdmançıların 100 metrlik maneəli zolağı başa vurduqdan sonra bir-birini qucaqladıqları fotolarda Linin formasının üzərindəki 6 rəqəmi ilə Vunun formasının üzərindəki 4 rəqəmi yan-yana görünüb. Bu, Çində Tiananmen meydanındakı etirazların tarixinə istinad olaraq tez-tez istifadə edilən “6/4” ifadəsini yada salır. Weibo istifadəçilərindən biri də paylaşıma “1989-cu il Asiya Oyunları” şərhini yazıb.
Lakin yazılardakı fotolar qısa müddət ərzində senzuradan keçərək boz kvadratlarla əvəzlənib. Digər tərəfdən, fotoların ölkədəki bəzi xəbər saytlarında paylaşıldığı da görülüb.
Hadisə ilə bağlı nə idmançılar, nə də Pekin administrasiyası açıqlama verməyib.
Sentyabrın 23-də Çinin Hançjou şəhərində start götürən Asiya Oyunları oktyabrın 8-də başa çatacaq. 19-cu turnirdə Lin 100 metr məsafəyə maneələrlə qaçışda qızıl medal qazanıb. Onun komanda yoldaşı Vu yarışa startsız başladığı üçün qırmızı vərəqə alıb. Buna baxmayaraq, yarışda iştirakına icazə verilən Çin idmançısı yarışdan sonra diskvalifikasiya edilib. Vunun əvəzinə ikinci yerə Hindistan idmançısı Cyoti Yarraci yüksəlib və gümüş medal qazanıb.
“The Guardian” Vunun qırmızı vərəqə almasına baxmayaraq, ilk növbədə diskvalifikasiya edilmədiyini, "Yarış rəsmiləri Çinin ulduz idmançılarından birini oyundan kənarlaşdırmaqdan çəkindilər" şərhini yazıb.
Weibo-dakı paylaşımında Vu diskvalifikasiyaya görə üzr istəyib və “Sizi məyus etdim” deyib.
15 aprel 1989-cu ildə başlayan və 4 iyuna qədər davam edən hökumət əleyhinə nümayişlərə təhlükəsizlik qüvvələri zorakılıqla müdaxilə etdi və mərkəz mərkəzi Pekində Tiananmen Meydanı olub. Hadisələrdə neçə nəfərin həlak olduğu hələ də bəlli deyil. Çin Kommunist Partiyasının (ÇKP) rəsmi rəqəmlərinə görə, 200 mülki vətəndaş və onlarla təhlükəsizlik işçisi həyatını itirib, Qərb mənbələri isə on minlərlə insanın həlak olduğunu iddia edib.
Digər tərəfdən, ÇKP Tiananmen Meydanındakı hadisələrin məktəblərdə tədris edilməsinə və ya internetdə müzakirəsinə qarşı güclü senzura tətbiq edir. Ölkədə mərkəzi hakimiyyətin ciddi nəzarətində olan internetdə faciəli hadisə ilə bağlı məlumat tapmaq, demək olar ki, mümkün deyil.