Çin, az qala müharibəyə səbəb verəcək təxribata imza atıb. Belə ki, Hindistanla həmsərhəd olan yuxarı Subansiri rayonunun Tsari Chu çayı vadisində 101 evdən ibarət kənd salıb.
Hafta.az NDTV-yə istinadən yazır ki, yeni salınan kənd Hindistan sərhədlərindən cəmi 4,5 kilometr aralıdadır və bu bölgə rəsmi xəritələrdə Hindistanın ərazisi kimi göstərilməkdədir. Hansı ki, 1959-cu ildən ərazini nəzarətə götürən Çin ordusu burada hökmranlıq edir.
NDTV bildirir ki, sözügedən bölgədə əvvəllər Çinin sadəcə bir hərbi nəzarət məntəqəsi varmış və kənd son vaxtlar salınıb. Maraqlıdır ki, 2019-cu ildə çəkilmiş fotoşəkillərdə ərazidə hər hansı tikinti işlərinin aparılmasına rastlanmayıb. Amma 2-3 ay öncə - noyabrda çəkilmiş şəkillərdə kənd aşkar olunub və belə qənaət yaranır ki, kənddəki evlər məhz 2020-ci il ərzində tikilib.
Hindistanın Xarici İşlər Nazirliyi mübahisəli bölgədə salınan kəndlə bağlı açıqlamada bildirib ki, bu tikinti, Hindistanla Çin arasında imzalanan bir sıra razılaşmaların pozulması mənasına gəlir.