Çin səhiyyə sektorunu xarici kapitala açır

10:05 10.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çin Ticarət Nazirliyi, Milli Səhiyyə Komissiyası və Milli Sağlamlıq Məhsulları İdarəsi tərəfindən açıqlanan yeni qaydaya əsasən, xarici investorlara Pekin, Tianjin, Şanxay, Nancing, Sucou, Fucou, Guangcou, Sincan və digər şəhərlərdə xəstəxanaların fəaliyyət göstərməsinə icazə veriləcək.

Hafta.az-ın yazdığına görə, xarici investorlar həmçinin Pekin və Şanxay şəhərlərində, Quanqdonq və Haynan əyalətlərində biotexnologiya sektorunda fəaliyyət göstərə, insan kök hüceyrəsi və gen diaqnostikası texnologiyalarında tədqiqat və tətbiqlər apara, milli səviyyədə etibarlı kütləvi istehsal və bazar lisenziyaları üçün müraciət edə biləcəklər.

Digər tərəfdən, Çin Ticarət Nazirliyi və Milli İnkişaf və İslahat Komissiyası xarici sərmayə qoyuluşunun qadağan olunduğu sektorların yer aldığı “mənfi siyahı”nın yenilənmiş variantını yayınlayıb.

Sonuncu dəfə 2021-ci ildə yenilənən neqativ siyahının yeni versiyasında bütün istehsal sektorlarında xarici investisiyalara qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

Yeni siyahıda məhdudiyyətlərə məruz qalan sektorların sayı 31-dən 29-a endirilib.

İstehsal sektorundan kənarda, Pekin, Şanxay, Sincan və Haynanda azad ticarət pilot zonalarında bulud hesablamaları, internet məlumat mərkəzləri, məzmunun çatdırılması şəbəkələri və internet xidmət provayderləri kimi əlavə dəyərli telekommunikasiya xidmətlərinə xarici investisiya məhdudiyyətləri qaldırılıb.

Hökumətin səhiyyə, biotexnologiya və məlumat xidmətləri, eləcə də istehsal kimi sektorları açmaq üçün atdığı addım birbaşa xarici investisiyaların azalmasına qarşı investorların inamını bərpa etmək üçün atılan addım kimi qiymətləndirilir.

Covid-19-dan sonra kövrəkliyin davam etdiyi Çin iqtisadiyyatında ABŞ-ın bəzi sektorlardakı investisiya məhdudiyyətləri və Avropa ölkələrinin iqtisadi asılılıqla bağlı riskləri aradan qaldırmağa yanaşması səbəbindən xarici investisiyalar sürətini itirir.

2023-cü ildə Çinə gələn birbaşa xarici investisiyaların azalması 2024-cü ilin 7 ayında da davam edib. Çin Ticarət Nazirliyinin məlumatlarına görə, 2024-cü ilin yanvar-iyul aylarında xarici investisiyalar 539,5 milyard yuan (76,1 milyard dollar) təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 ayda investisiyalar 30 faiz azalıb.