Çində ev heyvanlarının sayının 2030-cu ilə qədər körpələrin sayından çox olacağı gözlənilir.
Hafta.az-ın “Business Insider”ə istinadən yazdığına görə, Amerika investisiya bankı Goldman Sachs-ın ev heyvanları yeminə artan tələbi araşdıran hesabatına görə, Çində ev heyvanlarının sayı ilin sonuna qədər 4 və daha aşağı yaşda olan uşaqların sayını keçəcək.
2030-cu ilə qədər Çinin şəhər yerlərində ev heyvanlarının sayının ölkə üzrə uşaqların sayını təxminən iki dəfə ötəcəyi gözlənilir. Şəhər yerlərində ev heyvanlarının sayının 70 milyonu keçəcəyi, 4 yaşa qədər uşaqların sayının isə 40 milyondan az olacağı proqnozlaşdırılır.
Məlumata görə, bu dəyişiklik nikahın yalnız uşaq dünyaya gətirmək və nəsli davam etdirmək kimi ənənəvi düşüncədən uzaqlaşan nəslin yetişdirilməsi ilə bağlıdır.
Paytaxt Pekində yaşayan və 7 ildir evli olan Hansen - Momo cütlüyü evlərində 6 ev heyvanına qulluq edir. CNN-ə müsahibə verən Hansen, "Fərqli nəsillər bəzi şeylərə fərqli dəyərlər verirlər" deyir.
Pekindəki Space adlı it baxım mərkəzinin sahibi Tao bu dəyişikliyin biznes üçün faydalı olduğunu bildirir. 38 yaşlı iş adamı ailəsinin uşaq sahibi olmaq üçün ona təzyiq göstərdiyini, lakin bunu istəmədiyini söyləyib və belə davam edib: "Həyat tərzimdən razıyam. Yoldaşımla çox səyahət edirik. Buna görə uşaq sahibi olmaq fikri mənim üçün cəlbedici deyil”.
Honq Konq Elm və Texnologiya Universitetindən Stuart Gitel-Basten bu dəyişiklikdə ölkədəki iş şəraitinin də mühüm rol oynadığını qeyd edir.
Gənc cütlüklərin uzun iş saatları ilə yanaşı işsizlikdən də əziyyət çəkdiyini deyən alim qadınların doğuşdan sonra işdən çıxmasının gözlənildiyini, lakin onlar bundan imtina etdiklərini deyir.
Goldman Sachs hesabatında ev heyvanlarının qidalanmasının Çində ən sürətlə böyüyən istehlak sektorlarından biri olduğuna diqqət çəkir. Satışlar 2017-2023-cü illərdə hər il orta hesabla 16 faiz artaraq 7 milyard dollara çatıb. Hesabata görə, sektorun dəyərinin 2030-cu ildə 12 milyard dollara yüksələcəyi gözlənilir.
Çin Milli Statistika Bürosunun yanvarda açıqladığı məlumatlara görə, 2022-ci ildə 1 milyard 411 milyon olan Çin materikinin əhalisi 2023-cü ildə 1 milyard 409 milyona enib.
Ötən il 9,02 milyon körpə doğulduğu halda, bu, 9,56 milyon körpənin doğulduğu 2022-ci illə müqayisədə 5,6 faiz azdır.
Doğum nisbəti də milli qeydlərin aparılmağa başlandığı 1949-cu ildən bəri ən aşağı səviyyəyə düşüb və mində 6,39 olub.
1980-2015-ci illərdə həyata keçirilən tək uşaq siyasətindən sonra 2021-ci ildən etibarən cütlüklərə üç uşaq sahibi olmağa icazə verilib.