Çində işçilər Covid-19 karantinindəki iPhone zavodundan qaçdılar

18:10 31.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Çinin Zhengzhou şəhərindəki dünyanın ən böyük iPhone istehsal bazası kimi tanınan fabrikdə aşkar edilən Covid-19 hadisəsinə görə müəssisənin qapalı dövrə istehsalına keçdiyi və karantinə alındığı iddia edildi.

Hadisə şahidlərinin sözlərinə görə, 300 min işçi tutumu olan fabrikdə karantində saxlanılan işçilər epidemiya tədbirləri səbəbindən ictimai nəqliyyatın işləmədiyi şəhərdə çamadanları ilə piyada məmləkətlərinə qayıtmağa çalışıblar.

Henan əyalətinin bir çox şəhərlərində fabrikdən qaçan işçilər üçün tədbirlər artırılmağa başlanıb. Yuzhou, Changge, Qinyang və Xuchang da daxil olmaqla şəhər və əyalətlər Foxconn işçilərinə geri qayıtdıqlarını bildirmələrini xahiş edən açıq məktublar göndərdilər.

Xihua əyalətinin səlahiyyətliləri tərəfindən edilən şərhdə, işçilərin 7 gün mərkəzi karantində və 3 gün müşahidə altında saxlanması tələb edildiyi bildirildi. Çin mətbuatında yer alan xəbərlərə görə, yerli bölmələr və Foxconn işçilərin təyin olunmuş məntəqələrdə toplanması, növbəyə durması və karantin məntəqələrinə aparılması üçün lazımi tədbirlər görür.

Foxconn-un dünənki açıqlamasında, könüllü olaraq müəssisədə qalmaq və ya tərk etmək istəyən bütün işçilərin təhlükəsizliyi üçün lazımi tədbirlər görüləcəyi, işçilərin hüquqlarının qorunacağı bildirilib. Bildirilib ki, “Foxconn” şirkətinin müəssisəsində karantin tətbiqləri hələ də davam edir, müəssisədə “qapalı dövrə idarəetməsi” tətbiq edilir, işçilərə hər gün PCR testləri keçirilir. Fabrikdə fəaliyyətin və istehsalın nisbətən sabit olduğu qeyd edilib, “az sayda” insanın epidemiyadan təsirləndiyi bildirilib, lakin dəqiq rəqəm verilməyib.