Çindən qaçan zənginlər Yaponiyaya sığınırlar

11:00 03.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın aparıcı qəzetlərindən olan “Wall Street Journal” Çindəki "avtokratik sistemdən" qaçmaq istəyən zənginlərin Yaponiyaya getdiyini yazıb.

Hafta.az-ın yazdığına görə, xəbərdə Çindəki varlıların “Ölkədə xüsusilə pandemiya zamanı daha çox gözə çarpan avtokratik idarəetmə və iqtisadi yavaşlamanın” təsiri ilə Yaponiyada məskunlaşdığı bildirilib.

Yapon yeninin dəyər itirməsi ilə əlaqədar ölkədəki daşınmaz əmlak bazarına xaricilərin maraq göstərdiyi qeyd edilən xəbərdə çinli investorların xüsusilə paytaxt Tokiodakı lüks yaşayış yerlərinə üstünlük verdiyi ifadə edilib.

Aylardır ABŞ dolları qarşısında dəyər itirən yen dünən yüksəlməyə başlayıb. “Bloomberg”in hesablamalarına görə, Yaponiya Bankı valyutanı dəstəkləmək üçün bazara təxminən 3,5 trilyon yen müdaxilə edib.

Yaşayış və vətəndaşlıq prosedurlarını beynəlxalq investisiyalar vasitəsilə idarə edən Britaniya şirkəti Henley & Partners tərəfindən iyun ayında dərc edilən hesabatda 2024-cü ildə ən azı 13500 yüksək gəlirli Çin investorunun xarici ölkələrə köçəcəyi proqnozu paylaşılıb.

Yaponiyada yaşayan çinlilərin sayı 2023-cü ilin sonuna qədər 822 minə çatıb. Bu rəqəm əvvəlki ilə nisbətən 60 min artıma uyğun gəlir.

Tokio daşınmaz əmlak brokeri Osamu Orihara, gəlirinin 2019-cu ildə pandemiyadan əvvəlki ilə müqayisədə demək olar ki, dörd dəfə artdığını söyləyib.

Çində dəmir-polad fabriki işlədən Tomo Hayaşi keçən il Tokioya köçdüyünü bildirib. 45 yaşlı Hayaşinin yaşadığı 48 mərtəbəli binadakı mənzillərin təxminən üçdə biri çinli insanlara məxsusdur. Xəbərdə Yaponiyaya köçən bir çox çinlinin adlarını dəyişdiyi də diqqət çəkib.

Yapon daşınmaz əmlak agentləri də zəngin çinlilərin tətil evi kimi istifadə etmək üçün evlər aldığını bildiriblər. Ölkənin şimalındakı Hokkaydo adasındakı xizək yamaclarına yaxın olan Furano qəsəbəsində torpağın qiyməti keçən il 28 faiz bahalaşıb.

Digər tərəfdən, xəbərlərdə Pekin rəhbərliyinin çinlilərin ölkədən çıxara biləcəkləri pullara məhdudiyyətlər qoyduğuna diqqət çəkilib. Bununla belə, Yaponiyaya köçən bir çox çinli iş adamı xarici ölkələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlərdə çalışır. Orihara həmçinin müştərilərinin ümumiyyətlə Honq-Konq və ya Sinqapurda bank hesablarının olduğunu söyləyib.

Bundan əlavə, sabit ofisi, iki və ya daha çox işçisi olan bir Yapon şirkətinə ən azı 32 min dollar sərmayə qoyan insanlar biznesə başlamaq vizası ala bilərlər.