Dünyanın ən böyük çiçək istehsalçısı olan Çindən çiçək ixracı 2024-cü ildə əvvəlki ilə nisbətən 17,78 faiz artaraq 516 milyon dollara çatıb.
Hafta.az-ın Çin Çiçək Assosiasiyasının məlumatlarına istinadən yazdığına görə, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq inkişaf etdikcə, Çində yetişdirilən daha çox çiçək Mərkəzi Asiya ölkələrinə yol tapır.
Çinin ümumi təzə kəsilmiş çiçək istehsalının 70 faizi Yunnan əyalətindən (Cənub-Qərbi Çin) gəlir, bu da dünyanın ən böyük üç təzə kəsilmiş çiçək istehsal sahəsindən biridir. Mükəmməl təbii şəraitə malik Yunnan planetin yeganə bölgəsidir ki, il boyu müxtəlif iqlim qurşaqlarından çiçəklər tədarük edərək sata bilir.
Yunnan əyalətinin inzibati mərkəzi olan Kunminq şəhərində yerləşən gül istehsalı bazalarından birində on minlərlə qızılgül çeşidlənir və qısa vaxtda Almatıya göndərilmək üçün qablaşdırılır. Sözügedən bazanın nümayəndəsi Çjou Tianyi qeyd edib ki, mükəmməl soyuq zəncir daşıma sistemi və vakuum qablaşdırma texnologiyaları sayəsində bu çiçəklərin Kunminqdəki bazadan Qazaxıstandakı floristlərə çatdırılması öz orijinal keyfiyyətini və təravətini qorumaqla cəmi beş gün çəkir.

Qazaxıstan Milli Statistika Bürosunun məlumatına görə, 2024-cü ildə ölkə Çindən 7,5 milyon dollar dəyərində 1100 tondan çox təzə kəsilmiş gül və qönçə idxal edib. Bu, əvvəlki illə müqayisədə təxminən 13 dəfə çoxdur. İdxalın ümumi həcminə görə, Çin Qazaxıstana üçüncü ən böyük gül tədarükçüsü olub.
Yunnan əyalətində yetişdirilən qərənfil, qızılgül, eustoma və digər çiçək növləri Çində gül dükanlarını doldurmaqla yanaşı, bir çox xarici ölkələrin bazarlarına da daxil olur. Kunmin gömrüyünün məlumatına görə, 2025-ci ilin birinci yarısında Yunnan əyalətindən təzə kəsilmiş çiçəklərin ixracı dəyər ifadəsində 540 milyon yuana çatıb ki, bu da əvvəlki illə müqayisədə 52,2 faiz çoxdur. Üstəlik, bu əyalətdən Orta Asiya ölkələrinə gül ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 dəfə artaraq 74,3 milyon yuanı keçib.
Yunnanla yanaşı, Qansu əyaləti (Şimal-Qərbi Çin) də gül sənayesinin inkişafını sürətləndirir. Bu əyalətdəki Linxia şəhərinin iqlim şəraitinin günəş işığının bolluğu və kəskin gündəlik temperatur dəyişiklikləri kimi üstünlükləri çiçəklərin böyüməsi üçün optimal şərait yaradıb.

Bu ilin iyulunda bu şəhərdən Almatıya təzə kəsilmiş qızılgül partiyası göndərilib. “Linxiada yetişdirilən güllər Qazaxıstana gələndə ən azı 10 gün öz təravətini saxlaya bilir”, - deyə ixracatçı şirkətin nümayəndəsi Li Zetian bildirib.
Mərkəzi Asiya çiçək bazarı bu müəssisə üçün perspektivli istiqamətdir. Li Zetianın sözlərinə görə, Mərkəzi Asiyada müəyyən müştəri bazasına malik onların şirkəti iyulda Qazaxıstanın gül sənayesi şirkətləri ilə əməkdaşlıq edərək Almatıda anbar yaradıb.
O əlavə edib ki, şirkət həmçinin Almatıda Rusiya və Şərqi Avropa bazarlarına yönələcək filialın yaradılması üzərində işləyir.
Sənaye ekspertlərinin fikrincə, “Bir kəmər. bir yol” çərçivəsində əməkdaşlığa və soyuq zəncirli logistika şəbəkəsinə arxalanaraq, Çinin çiçək sənayesinin Mərkəzi Asiya regionunda daha da inkişaf edəcəyi və digər xarici regionların bazarlarına çıxacağı gözlənilir.