Çinin “kölgə bankçılığı” nəhənginə qarşı istintaq başlayıb

11:12 28.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin ən böyük aktiv menecerlərindən olan Zhongzhi Enterprise Group (ZEG) ilə bağlı hüquqi müstəvidə araşdırma başlayıb.

Hafta.az-ın "Global Times"ə istinadən yazdığına görə, Pekin polisinin Bələdiyyə İctimai Təhlükəsizlik Bürosu tərəfindən verilən açıqlamada, şirkətin həyata keçirdiyi qanunsuz fəaliyyətlərlə bağlı istintaqa başlandığı bildirilib.

Səlahiyyətlilər sözügedən fəaliyyətlərlə bağlı təfərrüatları paylaşmasa da, Çin Kommunist Partiyasının ingiliscə nəşri olan “Global Times”, polisin istintaqda "bir çox şübhəli şəxsə qarşı tədbir gördüyünü" bildirib. İstintaqda adı keçən şübhəlilərin kimliyi hələlik açıqlanmayıb.

Məlumat üçün bildirək ki, istintaq ZEG-in çərşənbə günü dərin iflasa uğradığını elan etməsindən sonra başlayıb.

Baş ofisi paytaxt Pekində olan şirkət, investorlarına göndərdiyi məktubda ümumi borc öhdəliyinin 420-460 milyard yuan, ümumi aktivlərinin isə 200 milyard yuan olduğu qeyd edilib.

Çindəki daşınmaz əmlak böhranından təsirlənən daşınmaz əmlak şirkətlərinə milyardlarla dollar borc verən şirkətin məktubunda "Nağd aktivlər kifayət deyil və aktiv satışından əldə edilə biləcək məbləğ azdır. Şirkətin borclarını qısa müddətdə ödəmək üçün kifayət qədər resursları yoxdur” bildirilir.

ZEG yüksək riskli və yüksək gəlirli investisiyaların borc istiqrazları, qiymətli kağızlar, fyuçers və digər borc alətləri ilə maliyyələşdirildiyi “kölgə bankçılığı” adlanan qeyri-rəsmi maliyyə sektorunun ən böyük aktorlarından biri idi.

BBC-nin məlumatına görə, Çində “kölgə bankçılıq” sektoru təxminən 3 trilyon dollar dəyərindədir.

Böyük Britaniyada fəaliyyət göstərən bazar təhlili şirkəti Orient Capital Research-dən Andrev Kollier, ZEG-in problemli maliyyə vəziyyətinin və şirkətlə bağlı araşdırmanın Çinin maliyyə sektoruna mənfi təsir göstərə biləcəyinə diqqət çəkib. Kollier bildirib ki, bu, Çinin müntəzəm bank sektoruna da təsir edərək daha geniş böhrana səbəb ola bilər.

Oxunma sayı 147