Rusiyada ilin ilk 9 ayında yeni avtomobillərə xərclənən məbləğ 3,4 trilyon rubla (35 milyard dollar) çatıb.
Hafta.az-ın “İzvestiya”ya istinadən yazdığına görə, yerli istehsalçı “AvtoVAZ” satış həcminə əsasən lider olsa da, gəlirlərinə görə Çin avtomobil markalarından geri qalır. Ekspertlər yaxın gələcəkdə trendin dəyişəcəyini gözləmirlər.
Ən çox satılan Çin brendləri Geely, Haval və Chery-dir. Sentyabrda bu markaların gəlirləri müvafiq olaraq 55,3, 51,3 və 45,8 milyard rubl olaraq hesablanıb. AvtoVAZ 44,8 milyard rublla dördüncü yerdədir. “Lada” modellərinin satış həcmi yüksək olsa da, daha ucuz qiymətə təklif olunduğu üçün ümumi gəlirdə çinli rəqiblərindən geri qalır.
Rusiya Avtomobil Sənayesi Assosiasiyasının prezidenti Andrey Kraynov bəyan edib ki, yerli brendlər bazarın üçdə birini əhatə etsə də, onların ümumi gəlirdəki payı 11-12 faiz civarında qalır. Çin avtomobil markalarının daha yüksək qiymətlərlə təklif etdiyi SUV modelləri Rusiyada Avropa və Koreya mənşəli avtomobilləri əvəz etsə də, yerli avtomobillərin aşağı qiymət siyasəti onların ümumi gəlirdə zəif qalmasına səbəb olur.
Mütəxəssislər düşünürlər ki, “Lada” kimi yerli brendlər daha müasir və daha bahalı modellər təklif etsələr, onların çinli rəqibləri ilə rəqabət aparmaq şansları artacaq.