Daşkəsən dəmir filizi yatağında son durum - Araşdırma

14:03 04.08.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Yatağın gələcək taleyi bu ilin sentyabrında məlum ola bilər

Azərbaycanda sənayenin digər sahələri ilə yanaşı, qara metallurgiya sənayesinin inkişafı ilə bağlı münbit şərait var. Bu gün ölkəmizdə qeyri-neft sənayesinin inkişafı strategiyası çərçivəsində metallurgiya sənayesinin kompleks inkişafı üçün də səylər göstərilir. Belə ki, “Daşkəsən Filizsaflaşdırma” ASC uzunmüddətli fasilədən sonra yenidən əsaslı təmir olunaraq Azərbaycan Respublikasının Prezidentinin iştirakı ilə 31 oktyabr 2006-cı ildə obyekt yenidən işə salınıb.

 Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Polad İstehsalı Kompleksi yaradılıb. Sərəncama əsasən səhmləri dövlətə məxsus olan “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilib və onun dövlətə məxsus səhmlərinin saxlanılması və idarə olunması hüquqları Azərbaycan Polad İstehsalı Kompleksinə verilib. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikasının Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamı qüvvəyə minib. Həmin Sərəncama əsasən, Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan edilib və bu məqsədlə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilib. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin investisiya müsabiqə vasitəsilə özəlləşdirilməsi bu günə kimi başa çatdırılmayıb.

Ötən il isə ölkə Prezidentinin6 avqust 2020-ci il tarixli Sərəncamı ilə Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə bağlı tədbirlər haqqında sənəd imzalanıb. Həmin sənədə əsasən, Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.64-cü bəndində göstərilmiş məbləğdən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 3 milyon manat ayrılması nəzərdə tutulub.

Qeyd edək ki, Daşkəsən rayonunda yerləşən, regionun ən nəhəng dəmir filizi yataqları kompleksi olan “Daşkəsən” dəmir filizi sahəsində hasilat işlərinə SSRİ dönəmində başlanılıb. Bu məqsədlə 1945-ci ildə “Daşkəsən Filiz İdarəsi” yaradılıb. “Daşkəsən” dəmir filizi sahəsi 1954-cü ildən 1994-cü ilə qədər intensiv olaraq istismar edilib. Bu müddət ərzində sahədən çıxarılmış dəmir filizi ehtiyatlarının miqdarı 92 milyon ton təşkil edib. 1994-cü ildən 1997-ci ilədək yataqda istismar işləri müəyyən fasilələrlə qismən aparılıb. “Daşkəsən” dəmir filizi sahəsində 6 yataq mövcuddur: “Şimal-şərq”, “Şimal-qərb”, “Cənub-şərq”, “Cənub-qərb”, “Dəmirov”, “Dardərə”.

Bəs, görəsən, hazırda Daşkəsən filiz yataqlarında son durum nədən ibarətdir? Bu yataqların taleyi necə olacaq? Yataqlar təkrar özəlləşdirməyə açılacaqmı?

Məsələ ilə bağlı “AzərGold” QSC-dən hafta.az-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidentinin 6 avqust 2020-ci il tarixli 2202 nömrəli Sərəncamı ilə Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması Cəmiyyətə həvalə edilib: “Möhtərəm Cənab Prezidentin göstərdiyi yüksək etimadın nəticəsi olaraq, 1 sentyabr 2020-ci il tarixli Sərəncamla “AzerGold”un fəaliyyət sahəsi genişləndirilib. Ölkə ərazisində qara metal filizi yataqlarının işlənilməsi və idarə olunması da Cəmiyyətə həvalə olunub.Sərəncamdan irəli gələn tapşırıqların icrası, dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili ilə əlaqədar bütün səhmləri Cəmiyyətə məxsus olan ilk törəmə şirkət - “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlayıb. Hazırda Daşkəsəndə regionun ən nəhəng dəmir filizi yataqları kompleksinin gələcəkdə işlənməsində dair ilkin qiymətləndirmə sənədinin hazırlanması çərçivəsində fəal iş aparılır. Hazırda ləğvetmə prosesində olan “Daşkəsən Filizsaflaşdırma” ASC-nin aktivlərinin satın alınması ilə bağlı müqavilənin bağlanılması istiqamətində zəruri tədbirlər icra edilir. Eyni zamanda, ilkin qiymətləndirmə sənədinin hazırlanması çərçivəsində çöl-tədqiqat işləri, laborator təhlillər aparılıb, arxiv geoloji məlumatlar rəqəmsallaşdırılıb. MMC-nin iştirakı ilə beynəlxalq nüfuzlu məsləhətçi şirkət tərəfindən hazırlanan  ilkin qiymətləndirmə sənədinin 2021-ci ilin sentyabr ayında təqdim edilməsi nəzərdə tutulub. Bu layihənin başlıca hədəfi qısa müddət ərzində dəmir filiz yataqların hasilata verilməsi və metal qırıntıları əvəzləyən, həmçinin daha keyfiyyətli metallurji məhsulların istehsalı üçün xammala tələbin təmin edilməsidir. Bu məqsədlə fəaliyyətin 2 mərhələ üzrə təşkil edilməsi planlaşdırılır. Birinci mərhələdə yüksək dəmir tərkibli filiz konsentratının, ikinci mərhələ üzrə isə birbaşa reduksiya edilmiş dəmirin ( və ya isti briketləşdirilmiş dəmirin) istehsalı nəzərdə tutulub. Hazırda bu istiqamətdə iqtisadi araşdırmalar və tədbirlər planı hazırlanır. İlkin olaraq MMC-yə 150 nəfər işçi cəlb edilib”.
Qurumdan həmçinin vurğulanıb ki, “AzerGold” QSC-nin beynəlxalq məsləhətçi şirkəti tərəfindən hazırlanan Strateji Yol Xəritəsi çərçivəsində qarşıdakı illər ərzində Daşkəsən dəmir filizi yataqlarının istismara verilməsi və dəmir istehsalı zənciri üzrə 2035-ci ilədək əsas makroiqtisadi tövhələr də hesablanılıb. Əsas makroiqtisadi töhfələr aşağıdakı kimidir:

Məcmu ÜDM: 6.8 mlrd AZN
Gəlir: 4.9 mlrd AZN
Vergilər: 556 mln AZN
Daimi iş yerləri: 1650 nəfər
Birbaşa və dolayı iş yerlərinin sayı (multiplikator faktoru nəzərə alınmaqla): 3300 nəfər
İnfrastruktur: dəmir yolu, elektrik xətti və s.

Qurumda hesab edirlər ki, “Daşkəsən” dəmir filizi yataqlarının istismara verilməsi daimi iş yerlərinin açılmasına, dəmir məhsullarının ixrac potensialının artımına, xammaldan asıllığın azalmasına və nəticədə ölkənin ümumi daxili məhsulun artımına, yeni iş yerlərinin açılmasına töhfə verəcək.Yatağın gələcək taleyi isə bu ilin sentyabrında ilkin qiymətləndirmə sənədinin hökümətə təqdim olunmasından sonra məlum olacaq.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, yatağın özəlləşdirilməsi daha səmərəli ola bilər:

“Açığı bu istiqamətdə indiyədək yaranan mürəkkəb kombinasiyanın səbəbi mənə məlum deyil. Amma söhbət yataqda gedirsə, özəlləşdirmə daha faydalıdır. Bir sıra sahələr var ki, dövlətin onlardan geri çəkilməsi həm şəffaflığa, həm hesabatlığa, həm büdcənin gəlirlərinin artmasına, dövlətin maliyyə yükünün azalmasına, idarəetmə, korrupsiya risklərinin aradan qalxmasına, son nəticədə həmin müəssisələrin rəqabət qabiliyyətinin yüksəlməsi, onlarda özəl təşəbbüskarlığın formalaşması, o müəssisələrin Azərbaycan iqtisadiyyatına qazandırılması zərurəti var”.

Oxunma sayı 636