Emmanuel Makron yenidən ölkəsini fəlakətə sürükləməkdədir. Yarıtmaz lider statusunu əldə edən Fransa Prezidenti şakimiyyətdə olduğu bu illərdə artıq neçənci dəfədir ki, kütləvi iğtişaşlarla üzləşir. Bu iğtişaşlar isə hər dəfə olduğu kimi polis zorakılığı, kütləvi həbslər və demokratik dəyərlərin tapdalanması ilə yatırılır.
Polisin “Dayan!” xəbərdarlığına tabe olmadığı üçün 17 yaşlı əlcəzairli gəncin vurularaq öldürülməsindən sonra Fransada vəziyyət xaotik hal alıb. Ötən həftə Paris, Nitsa və Marsel də daxil olmaqla, bir çox böyük şəhər rəsmi olaraq talan edildi, saysız-hesabsız avtomobillər yandırıldı. Həftəsonu xüsusi təyinatlıların iştirakı ilə hadisələrin şiddəti bir qədər azalıb.
Hökumətin məlumatına görə, hadisələr nəticəsində 3400-dən çox adam saxlanılıb, 684 polis və yanğınsöndürən yaralanıb. Fransa televiziyası BFMTV bildirib ki, saxlanılanlar arasında məhkəməyə gətirilənlər və elektron qandallı cəza çəkənlər var. Fransanın ən böyük işəgötürənlər assosiasiyası olan Fransa Sahibkarlar Hərəkatı (MEDEF) etiraz aksiyalarının vurduğu maddi ziyanın bir milyard avrodan çox olduğunu təxmin edir. Parisin L'Hay-les-Roses meri Vinsent Jeanbrunun evinə həftə sonu hücum edilib. Sözügedən hücumda Vinsenin həyat yoldaşının baldır sümüyü qırılıb.
Bir neçə gün əvvəl isə ifrat sağçı millət vəkili Jan Messihanın Naheli vuran polisə ianə elanı açdığı məlum olub. Sözügedən ianədə “O, sadəcə işini gördü” ifadəsi işlədildiyi halda, ümumilikdə 1 milyard avrodan çox pul toplanıb. Dünya mətbuatında hiddətə səbəb olan açıqlamadan sonra bir çox siyasətçi Messihaya reaksiya verib.
Səbəbsiz atəş bir gəncin həyatına son qoydu
Bəs fransız olmayan, lakin Fransa vətəndaşı statusunu daşayan gənclərin bu cür qəzəb nümayiş etdirməsinə səbəb nədir?
Fransa polisi çərşənbə axşamı hərəkət edən avtomobili saxlamaq üçün atəş açıb və nəticədə avtomobilin sürücüsü – 17 yaşlı Naheli öldürüb. Hadisə yerli vaxtla səhər saat 8-də paytaxt Parisin qərbində yerləşən Nanterre valiliyində baş verib. Yerli prokurorluğun bildirdiyinə görə, hadisə şahidləri avtomobilin avtobuslar üçün nəzərdə tutulan zolaqla hərəkət etdiyini, iki polis motosikletinin isə onu təqib etdiyini bildiriblər.
Fransa mediasının yazdığına görə, əvvəlcə polislər yeniyetmənin avtomobili onların üzərinə sürdüyünü iddia etsələr də, yayılan videolarda polis əməkdaşlarının avtomobili təqib etdiyi və daha sonra tıxacda qalan avtomobilə yan pəncərədən yaxınlaşaraq atəş açdığı görünür. Avtomobildə sürücüdən əlavə iki sərnişin də olub. Onlardan biri həbs edilib, digəri isə qaçmağa müvəffəq olub. İstifadə olunan avtomobilin bir günlük kirayə alındığı məlum olub. Autoplus kirayə şirkətindən bildirilib ki, Fransada yeniyetmələr arasında sport avtomobillərin qısamüddətli kirayələnməsi olduqca populyardır.
Nahelin adı heç bir cinayət işində keçməyib
İndi isə gəlin, fransız polisinin qəddarlığı ilə qətlə yetirilən Nahelin kim olduğuna diqqət yetirək. Qərb mediasında yer alan xəbərlərə görə, Nahel M. tək uşaq olub və anası tərəfindən böyüdülüb. Paket sürücüsü kimi çalışıb, reqbi liqasında oynayıb. Tədris prosesi “xaotik” kimi qiymətləndirilib. O, elektrik ixtisasına yiyələnmək üçün yaşadığı yerdən çox da uzaq olmayan Suresnesdəki universitetə yazılmışdı.
Əlcəzair əsilli Naheli tanıyanlar anası Mounia ilə birlikdə yaşadığı Nanterredə çox sevildiyini və atasını heç tanımadığını deyiblər. Onun adı heç bir cinayət işində hallanmayıb. İşə getməzdən əvvəl anasına son sözü "Səni sevirəm ana" olub. Çərşənbə axşamı səhər saat 9:00-dan bir qədər sonra o, polis tərəfindən sükan arxasında yaxın məsafədən sinəsindən güllələnib. Nahel son üç ili Nanterre Piratları Reqbi Klubunda oynayaraq keçirib. Bu, Ovale Citoyen adlı birlik tərəfindən idarə olunan, məktəbdə çətinlik çəkən gənclər üçün inteqrasiya proqramının bir hissəsi idi. Ovale Citoyen prezidenti Jeff Puech deyir: "O, narkotik satan və ya cinayət törətməkdən həzz alan bir uşaq deyildi, o, sosial və peşəkarlıqla uyğunlaşmaq iradəsi olan biri idi". Anası hesab edir ki, polis məmuru oğluna baxanda “ərəbə oxşayan və onun həyatına son qoymaq istəyən kiçik bir oğlan görür”. Gənc qadın France 5 TV-yə deyib ki, o, polisi deyil, atəş açan zabiti günahlandırıb. Göründüyü kimi, polisin zor tətbiq etməsi, lüzumsuz atəşlə insan həyatına son qoyması üçün qurbanlarının dərisinin rəngi və milliyətinin ərəb, dininin isə İslam olması kifayüətdir. Bu fakt bir daha Fransa cəiyyətinin demokratik dəyərlər, insan hüquq və azadlıqları, dini etiqad azadlığı pərdəsi altında içindən çürüdüyünü göstərir.
Üzdə qətiyətli, daxildə qətiyyətsiz prezident
Baş verənlərin əsas səbəblərini aradan qaldırmaqla hökmlü olan, etirazlara yol açan günahsız gəncin öldürülməsinin əsas səbəbkarlarını cəzalandırmaq vəzifəsi daşıyan Prezident Emmanuel Makron isə odun üstünə su əvəzinə benzin tökməklə məşğuldur.
Makron yeni açıqlamaları ilə rəsmi olaraq qalmaqala imza atıb. Etirazların əvvəlində ailələri günahlandıran Makron “uşaqlarınızı evə aparın” çağırışı edib və bir televiziya kanalına etirazlarda şiddətin azaldığını bildirib. Ədliyyə Nazirliyi bildirib ki, cümə günündən bəri iğtişaşlar zamanı həbs edilən 4000-ə yaxın adamdan 1200-dən çoxu yetkinlik yaşına çatmayanlardır.
AFP-nin ayrı bir xəbərində Makronun etirazçıların pulunun kəsilməsini istədiyi yazılıb. Etirazçıların və onların ailələrinin cərimələnməsinin lazım olduğunu deyən Makron, həbs olunan şəxslərə ən azı minimum əməkhaqqı məbləğində sanksiya tətbiq edilməli olduğunu vurğulayıb.
Makron açıqlamalarına belə davam edib: “Onların cibinə toxunmaq lazımdır, ancaq bundan anlayırlar. Onların etdikləri cəfəngiyatlara görə maliyyə sanksiyası olmalıdır”. Həmin açıqlamalar sosial mediada da partlayış effekti yaradıb.
Fransa prezidenti Emmanuel Makron ölkədə böhranın kəskinləşməsi halında sosial şəbəkələrin bağlanmasının mümkünlüyünü etiraf edib. BFMTV xəbər verir ki, o, bu barədə iğtişaşlardan zərər çəkmiş şəhərlərin merləri ilə söhbətində bildirib.
Makron qeyd edib ki, gənclər arasında sosial şəbəkələrdən istifadə barədə düşünmək, həmçinin mümkün qadağaları müzakirə etmək lazımdır. Prezident vurğulayıb ki, vəziyyət pisləşdiyi halda sosial şəbəkələri tənzimləmək, hətta söndürməyi bacarmaq lazımdır. Eyni zamanda Makron xüsusi diqqət yetirib ki, bu məsələnin müzakirəsi “hadisələrin qızğın vaxtında” aparılmamalıdır.
Makronun etməli olduqları
“Politico” qəzeti yazır ki, Fransa Prezidenti Emmanuel Makron iğtişaşlar söndürüldükdən sonra Fransanın ucqarlarında varlı və kasıb sakinlər arasında sosial uçurumu azaltmalı olacaq, lakin bu, onun üçün asan olmayacaq. Prezident Emmanuel Makron qarşısında daha böyük bir problem durur: iğtişaşların ifşa etdiyi irqçi problemləri necə həll etmək olar?
Müəllifin fikrincə, prezidentin ilk müddəti olduqca çətin olub: o, ölkədə “sarıjiletlilər” etirazları, COVID-19 pandemiyası və “daimi terror təhlükəsi” vəziyyətində olub. İndi onun hökuməti pensiya islahatı böhranından çətinliklə çıxıb, varlı və kasıb fransız xalqı arasında genişlənən uçurumla bağlı "daha böyük bir sarsıntı" ilə üz-üzədir. “Politico” yazır ki, bu, dövlət başçısından “əsas səbəblərin aradan qaldırılmasına və təhsil və sosial mənzil kimi sahələrdə sosial bərabərsizliyin azaldılmasına yönəlmiş siyasətlər üçün daha çox pul tələb edəcək”.
Fransa prezidenti istefa verməyəcək
Bu günə qədər iğtişaşlar fonunda Fransanın hazırkı lideri Emmanuel Makron istefaya getmək təhlükəsi ilə üz-üzə deyil. Bu fikirləri “Moskva 24” telekanalının efirində politoloq Yuri Svetov səsləndirib. O qeyd edib ki, hazırda respublikanın hakimiyyətində hazırkı prezidentin xeyli sayda tərəfdarı var, ona görə də vətəndaşların güclü istəyi olsa belə, onu vəzifədən uzaqlaşdırmaq mümkün deyil.
“Fransada hökumət makronyönlüdür, Milli Assambleyada güclü mövqelərə malikdir. Və eyni deputatların qorxusu ola bilər ki, indi Makronu istefaya göndərəcəklər, sonra isə etirazçılar onların buraxılmasını tələb edəcəklər. Onların heç xoşuna gəlmir”, - Svetov izah edib.
O əlavə edib ki, əslində, hazırda Fransada baş verən iğtişaşlar miqrantların etirazıdır. Bundan əlavə, ekspertin fikrincə, Makron xaosu yatırmaq üçün sərt tədbirlərdən qorxmur.
Onlar özlərini fransız cəmiyyətinin bir hissəsi saymırlar
Beynəlxalq ekspertlərin də iğtişaşların miqyasının bu dərəcədə geniş olmasına səbəb verən amillərlə bağlı rəyləri maraqlıdır.
Türkiyəli politoloq Yaşar Aydın bildirir ki, Fransa dövləti müsəlman gənclərin əksəriyyəti Fransa vətəndaşı olsalar da, onları inteqrasiya edə bilməyib. Bu kəsim özünü fransız cəmiyyətinin bir hissəsi olaraq hiss rtmir. Onun sözlərinə görə, Fransada islamofobiyaya səbəb olan “mübariz sekulyarizm” və polis daxilində irqçilik də qəzəbi artırıb.
Fransanın "İfri" analitik mərkəzinin tədqiqatçısı Jeanette Suess də eyni fikirdədir: "Mövcud iğtişaşlar şəhərətrafı ərazilərdə özlərini laqeyd hiss edənlərin, üçüncü nəsil gənc Fransa vətəndaşlarının dərin inamsızlığının ifadəsidir". Suessin sözlərinə görə, bu kütlələr respublika idealının, yəni “haradan olursan ol, hamı üçün bərabər imkanlar” vədinin onlara aid olmadığını hiss edir.
İtaliyada yerləşən Avropa Universitet İnstitutunun (EUI) professoru Erik Cons üsyanın müstəmləkə mirasının və uğursuz inteqrasiya strategiyalarının nəticəsi olduğunu qeyd edib. O, Fransada ikinci və üçüncü nəsil mühacirlərin iqtisadi və sosial baxımdan məyus olması fikrini ifadə edib. SWP-dən Dr. Raphael Bossong həmçinin hesab edir ki, nümayişlərdə “mənzil və əmək imkanları, polisin münasibəti, siyasi ünsiyyət və tarixi irs” təsirli olub.
Suess qeyd edib ki, Fransada şəhərətrafı qəsəbələrin tikintisi ilə bu ölkəyə xas məkan seqreqasiyası sistemi formalaşıb və bunun uğursuzluğu baş verib. Suess, Almaniyada əhalinin daha mütənasib şəkildə yerləşdiyi üçün Parisdəki kimi şəhərətrafı qəsəbələrin formalaşmadığını və bunun uyğunlaşma prosesinə töhfə verdiyini deyir. Ekspertlər onu da diqqətə çatdırıblar ki, 2015-ci ildə baş verən kütləvi miqrasiyadan sonra Almaniyada ifrat sağçıların yüksəlişi müşahidə edilsə də, qeyri-hökumət təşkilatlarının fəal iştirakı ilə sosial iğtişaşların qarşısını almaq mümkün olub.
Ləman Əliyeva