Dayanacaqlarda oturacaqları sökənlər kimlərdir?

13:52 20.05.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Şəhərin müxtəlif ünvanlarında əksər hallarda dayanacaqların söküldüyünün şahidi olmuşuq. Bunu kimlərin hansı məqsədlə etdiyini bilməsək də, belə hərəkətə "mərdi-məzarlıq"dan başqa ad vermək olmur. Bəzən külək və başqa təbiət hadisələri zamanı dayanacaqlar ziyan görə bilir. Bütün hallarda bir dayanacağın tikilib ərsəyə gətirilməsi heç də asan məsələ deyil. Yoxluğu onsuz da ayrı bir dərddir. Var olanda da qədrini bilmirik, deyəsən. Elə paytaxtın Qara Qarayev prospektindəki bu dayanacaq da dayanılmayacaq vəziyyətdədir. Oturacaq yeri qoparılıb, yoxdur. Vətəndaşlar deyirlər ki, artıq 4 aya yaxındır vəziyyət belədir. Bir neçə dəfə “141 Çağrı Mərkəzi”nə bununla bağlı şikayət bildirdiyini söyləyən də var:

"Yaxınlıqda yaşayıram, hər gün buradan işə gedirəm. Yaşlı və əlində alış-veriş torbaları olan insanlar gəlir, oturmağa da yer tapmırlar. Yaxşı olardı ki, məsələ tez həll olunsun. Üç aydan artıqdır ki, dayanacaq bu vəziyyətdədir. Bu yaxınlarda ərazidən keçən marşrut xətlərini bildirən lövhəni qoyanlara da şikayətimi bildirdim. Dedilər ki, bizim işimiz deyil".

Bəs görəsən, dayanacaqların bərpasına hansı qurum nəzarət edir? Bakı Nəqliyyat Agentliyi, yoxsa icra hakimiyyətləri? Belə yerlərin aşkar edilib tədbir görülməsi hansı formada həyata keçirilir?

Hafta.az-ın əməkdaşı mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladı. Qurumun mətbuat katibi Mais Ağayev bildirdi ki, dayanacaqlara nəzarət Agentliyin tabeliyindədir:

"Ərazidə belə hallar aşkar edildikdə, yaxud şikayət daxil olduqda onlar iş planına salınır və qısa vaxt ərzində bərpası həyata keçirilir".

Ümid edirik, tez bir zamanda vətəndaşların haqlı şikayətləri nəzərə alınar və problem həll edilər. Həmçinin dövlət mülkünə ziyan vuran, dayanacaqları qoparan şəxslər də cazalandırılar.