Pakistanda dövləti düşdüyü iqtisadi böhrandan çıxarmaq üçün hər üsula baş vuran hökumət indi də dövlət aktivlərini satmağa başlayıb.
Hafta.az-ın Mepa-ya istinadən yazdığına görə, Pakistanın defolt təhlükəsi ilə üzləşdiyini görən baş nazir Şahbaz Şərifin keçirdiyi kabinet iclasında dövlət aktivlərinin təcili olaraq xarici ölkələrə satılması barədə qərar qəbul edilib.
Nazirlər Kabinetinin “Hökumətlərarası işgüzar əməliyyatlar haqqında Əsasnamə” çərçivəsində qəbul etdiyi fövqəladə qərara uyğun olaraq, tənzimləmə prosesi zamanı aktivlərin satışı ilə bağlı qanunlar da daxil olmaqla, bütün prosedurlar və tənzimləyici nəzarətlər ləğv ediləcək.
Hökumətin qərarı prezident Arif Alvi tərəfindən təsdiqlənəndən sonra qüvvəyə minəcək.
Bu arada, Arif Alvi qərarı təsdiqləyərsə, neft-qaz şirkətlərinin və dövlətə məxsus elektrik stansiyalarının səhmlərinin Birləşmiş Ərəb Əmirliklərinə satılaraq 2-2,5 milyard dollar gəlir əldə edəcəyi gözlənilir.
Pakistanın maliyyə naziri Miftah İsmayıl bu yaxınlarda dövlət aktivlərindən birinin özəlləşdirilməsi prosesinin bəzi maneələr üzündən təxminən 471 gün uzandığını, hökumətin təcili olaraq xarici ölkələrlə müqavilələr bağlayaraq pul tapmalı olduğunu demişdi.
Pakistan Ədalət Hərəkatının (PTI) lideri və ölkənin keçmiş baş naziri İmran Xan isə hökumətin bu addımını sərt tənqid edib.
Qeyd edək ki, Pakistan iyulun 14-də Beynəlxalq Valyuta Fondu (BVF) ilə 1,17 milyard dollarlıq borc almaq üçün razılığa gəlib, lakin BVF Pakistandan 4 milyard dollarlıq maliyyə kəsirini bağlamağı tələb edib. Bildirilir ki, Pakistan hökuməti məhz bunun üçün də təcili olaraq dövlət əmlakını xarici ölkələrə satmaq barədə qərara gəlib.