Dənəsi 400 dollara ananas satılır

09:25 22.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Rubyglow” adlı bir şirkət tərəfindən istehsal olunan ananaslar bu ay ABŞ-da satışa çıxarılarkən 400 dollara yaxın qiyməti ilə çoxlarını təəccübləndirdi. Daha maraqlısı isə bu meyvələrin satışdan çıxmasıdır.

Hafta.az-ın “USA Today”a istinadən yazdığına görə, qeyri-adi rəngini hibridləşdirmə yolu ilə əldə edən meyvə onu satan şirkət üçün prestij əlaməti olub. Cənubi Kaliforniyanın yüksək səviyyəli satış firması “Melissa's Produce”dən deyilir: "Biz bu qeyri-adi meyvəni satan yeganə şirkət olmaqdan qürur duyuruq".

Şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Robert Şuller, sahib olduqları ananasların çoxunu Las Veqas və Kaliforniyadakı lüks restoranlara satdıqlarını açıqlayıb.

Sosial medianın nüfuzlu aşpazlarından biri olan Bo Korli “Rubyglows”u tamamilə gözəl gördüyünü, eyni zamanda o pula layiq olmadıqlarını da ifadə edib. O, fərqi belə izah edib: “Bunda çox ananas yedikdə ağızda yaranan acılıq yoxdur”.

Məsələ ilə bağlı Korlinin rəyini alan CNN, 400 dollara çox dəbdəbəli restoranda yemək yeyə biləcəyini xatırladıb. Amerika kanalı həmçinin bir çox amerikalıların işsizlik və inflyasiya ilə mübarizə apardığı bir vaxtda belə bahalı meyvənin satılmasının təəccüblü olduğunu bildirib.

15 ildir yetişdirilən bu ananaslar Kosta Rikadan gətirilir. Şirkət qeyd edir ki, bir meyvənin yetişməsi üçün təxminən iki il lazımdır. Bu il yalnız bir neçə min “Rubyglow” ananasının toplanılacağı gözlənilir.

ABŞ-da satışa çıxarılan meyvə ilin əvvəlində ilk dəfə Çində bazarda görülüb.

Şirkət həmçinin 2020-ci ildə satışa “Pinkglow” (çəhrayı parıltı) ananaslarını təklif edib. 50 dollara satışa çıxarılan meyvəni indi 8-29 dollara almaq olar. Bu meyvələr Analar Günü kimi xüsusi günlərdə hədiyyə olaraq verilir.

Son illər istehsal olunan dəbdəbəli meyvələr yeni bazarı genişləndirir. Alma, naringi, çiyələk kimi meyvələr hibridləşdirilərək hər kəsin ala bilməyəcəyi qiymətə satılır.

Oxunma sayı 149