Xəbər verdiyimiz kimi, Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-ə müvəqqəti inzibatçılar təyin olundu. Qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçidi. Lakin bir gün sonra, yəni Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları ləğv edildi.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov açıqlamasında bildirib ki, lisenziyası ləğv edilmiş "Atabank" və "Amrah Bank"ın problemləri yeni deyil və koronavirus pandemiyası, neftin ucuzlaşması ilə əlaqəsi yoxdur.
Sədr deyib ki, "Atabank"da uzun müddətdir ki, problemlər var idi, əmanətçilər pullarını geri ala bilmirdi:6
"Mən dəfələrlə bu bank barədə fikrimi bildirmişdim və demişdim ki, "Əmanətlərin tam sığortalanması haqqında" qanunun müddəti uzadılan kimi əmanətçilərə pullarını geri götürmək imkanı yaradılacaq. Bankların problemləri Maliyyə Sabitliyi Şurasında müzakirə olundu və Mərkəzi Banka müəyyən tövsiyələr verildi, həmin tövsiyələr əsasında biz lisenziyaları ləğv etdik. Qısa müddətdə əhaliyə əmanətlərinə çıxış imkanı yaradacağıq, həmin pulları ölkənin sabit banklarından birinə köçürəcəyik, əhali həmin bankda pulunu bundan sonra saxlaya da bilər, götürə də bilər".
Baş bankir vurğulayıb ki, bankların əmanətçilərinin vəsaitlərinin qaytarılması dövlət büdcəsi hesabına olmayacaq:
"Hər iki bank Azərbaycan Əmanətlərinin Sığortalanması Fondunun üzvüdür. Vəsaitlərin qaytarılması ödənilən üzvlük haqqı hesabına olacaq. Bu problem bankların konsalidasiya edilmiş öhdəliyidir. Qanunla fondda vəsait olmasa, kredit almaq üçün Mərkəzi Banka müraciət edəcəklər. Biz onlara müvəqqəti kredit verəcəyik. Bağlanmış bankların aktivlərinin reallaşmasından əldə edilmiş vəsaitlər hesabına kreditləri geri ödəyəcəklər. 4-5 il ərzində verilmiş kreditlərin geri qaytarılması imkanı var".
Mərkəzi Bankın baş direktoru Rəşad Orucov isə REAL TV-ə müsahibəsində deyib ki, bağlanan hər iki bankda əmanətlər 100% sığortalanıb.
O bildirib ki, bankların qanunvericiliyə uyğun şəkildə lisenziyası tam şəkildə ləğv olunduqdan sonra onlarda ləğvetmə prosedurlarının başlanması üçün məhkəməyə müraciət olunacaq:
“Məhkəmənin müvafiq qərarı qəbul edildikdən sonra bankda ləğvedici öz fəaliyyətinə başlayacaq. Eyni zamanda, artıq tam sığortalanmış əmanətlərin geri ödənilməsi üzrə prosedurlar işə düşəcək. Bankın müflisləşməsinin baş verməsi sığorta halıdır. Beləliklə Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv edilmiş banklarda qorunan əmanətlərin geri ödənməsi prosesinə başlayacaq. Bunun üçün Fondda yetərli qədər vəsaitlər var. Əlavə vəsaitlər Mərkəzi Bank tərəfindən ödəniləcək”.
Bəs yaxın zamanlarda digər bankları nə gözləyir, kommersiyya banklarının maliyyə durumları bugünki vəziyyətə görə normal sayılırmı?
İqtisadçı ekspert Natiq Cəfərli hafta.az-a mövzu ilə bağlı fikirlərini bildirərkən dedi ki, söhbət bundan sonra hansı bankların bağlanmasından daha çox, bank sektorunda atılan addımlardan getməlidir:
“Bank sektoruna olan güvən 2018-ci ildə yaranmağa başlamışdı, artıq o güvən sarsılmaq üzrədir. Yenidən bankların bağlanması əhali arasında çaşqınlıq yaradıb. Söhbət ondan gedir ki, 4 bankın maliyyə durumu 2017-ci ildən ağırlaşmışdı. Proses başlamışdı. Bu qərar çoxdan verilməli idi və hesab edirəm ki, doğru qərar olardı. Nədənsə Mərkəzi Bank gözləmə mövqeyini üstün tutdu. Bu bankların ən azından ikisi depozitləri də verməkdə gecikdirirdilər. Əhali arasında bu bankların maliyəsinin gərgin olması haqqında fikirlər də formalaşmışdı. İndi daha çox gələcəkdə atılan addımlar barədə düşünmək lazımdır. Payız aylarında bank sektorunda növbəti dalğalanmanı görə bilərik. Yəni bankların maliyyə vəziyyətləri ağırlaşacaq. Yeri gəlmişkən deyim ki, bu banklar pis vaxtda bağlandı. Sosial vəziyyətin gərgin olan vaxtı bu addımın atılması vaxt baxımdan düzgün olmadı. Hər halda çoxdan atılmalı bir addım idi. Digər banklarda da bu problem var, maliyyə durumları yaxşı olmayan banklar var”.
İqtisadçı Samir Əliyevin fikrincə, Mərkəzi Bank necə ki, cərimələri, restrukturizasiya ilə bağlı qərarı bankların üzərinə qoyub, eləcə də tövsiyə edə bilərdi ki, banklar yoxlama aparsınlar və kredit tətili o insanlara verilsin ki, pandemiya onlara təsir göstərib. Belə bir tövsiyə vermək daha yaxşı olardı:
"Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-ə müvəqqəti inzibatçılar təyin olunub. Qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib. Adları çəkilən banklar bazarda elə də böyük paya malik deyillər. Birlikdə 4 bankın bazar payı 5%-ə yaxındır. Bu bankların aktivlərinin həcminə görə heç ilk 10-luqda olmayıblar. Ən yüksək paya Atabank (1,4%), ən aşağı paya Amrahbank (0,6%)malik olub. 2019-cu ildə Atabank-ı saymasaq AGBank aktivlərinin həcminə görə 15-ci yerdə olub. ATAbank-da aktivlərinin həcmi 2019-cu ilin 3-cü rübündə 532,1 milyon manat olmaqla 13-cü yerdə olub. Kredit bazarına gəldikdə bu bankların payı təxminən 7%-dən az olub. Yenə də ən böyük paya (2,6%) ATAbank, ən az paya Amrahbank (0,79%) olub. Kredit bazarında da ilk 10-luqda olmayıblar. Depozit bazarında 4 bankın bazar payı 4%-dən az olub. Bu bankların depozit portfeli 2019-cu ilin sonuna 800 milyon manatdan çox, kredit portfeli isə 1 milyard manata yaxın olub”.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə qeyd etdi ki, Mərkəzi Bankın barələrində qərar verdiyi dörd bankda ümumi vəziyyət eyni olmadığına görə bu addım özünü doğrultmayacaq:
“Əslində, ödəmə qabiliyyəti və maliyyə vəziyyətində pisləşmə olan banklarda müvəqqəti inzibatçının təyin olunması qanunla nəzərdə tutulan haldır. Sadəcə, Mərkəzi Bankın bu qərarı uyğun zamanda verilməyib. Çünki hazırda ölkədə karantin rejimi mövcuddur və bu qərar əlavə panika yarada bilər. Digər tərəfdən, adıçəkilən bankların birləşdirilməsi doğru addım deyil. Çünki bu bankların ümumi vəziyyəti bir-birindən fərqlidir. “Atabank” bir ilə yaxındır ki, əmanətləri qaytarmır, öhdəliklərini yerinə yetirmir və buna görə də çoxdan bağlanmalı idi. “NBC Bank”ın da vəziyyəti pisdir. Lakin “AGBank”ın vəziyyəti o qədər də bərbad deyil. Yəni bu bankda müflisləşmə deyil, müvəqqəti likvidlik problemi var. Hər bir halda iqtisadi problemin olduğu indiki vaxtda Mərkəzi Bakın qərarı uğurlu deyil”.