DİN kiberdələduzu saxladı

11:10 03.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Jurnalist Ləman Ələşrəfqızı kiberdələduzluq nəticəsində bank kartından oğurlanan vəsaitin geri qaytarıldığını açıqlayıb.

Bu barədə o sosial şəbəkə hesabında paylaşım edib.

L.Ələşrəfqızı bildirib ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşı İsfəndiyar Abbasov onunla əlaqə saxlayaraq kiberdələduzun saxlanıldığını və göndərdiyi vəsaitin bank kartına geri qaytarıldığını deyib.

“Pulum kartıma geri qaytarıldı. Cinayətkarın kimliyini hələ bilmirəm. Düşünürəm ki, istintaq çərçivəsində onunla üzləşmək imkanım olacaq”, – deyə jurnalist paylaşımında qeyd edib.

L.Ələşrəfqızı həmçinin daxili işlər naziri, nazirliyin Mətbuat xidmətinin rəisi və kibercinayətkarlıqla mübarizə sahəsində çalışan polis əməkdaşlarına təşəkkürünü ifadə edib.

Qeyd edək ki, jurnalist bir gün əvvəl kiberdələduzluğun qurbanı olduğunu açıqlamışdı. Onun sözlərinə görə, naməlum şəxs onun tanışının adından yaradılmış saxta “Telegram” hesabı vasitəsilə onun etibarından istifadə edərək ümumilikdə 600 manat vəsaiti ələ keçirmişdi.