Dövlət Komitəsinin əməkdaşları İnquşetiyaya səfər ediblər

13:46 26.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Komitəsinin əməkdaşları İnquşetiya Respublikasına səfər ediblər.

Hafta.az xəbər verir ki, Rusiya Federasiyasının İnquşetiya Respublikasının Malqobek şəhərinə səfər edən Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) əməkdaşlarının yerli dövlət orqanlarının nümayəndələri və Azərbaycan diasporunun üzvləri ilə görüşləri keçirilib.

Malqobek şəhər administrasiyasında baş tutan görüşlərdə administrasiya rəhbəri Musa Qalayev, Rusiya Federasiyasının Mineralnıye Vodı şəhərindəki XİN nümayəndəsi Mariya Krutineva, respublikanın xarici əlaqələr, milli siyasət, mətbuat və informasiya nazirinin müavini Ruslan Mirzəyev və departament rəhbəri, İnquşetiya xalqları Assambleyasının fəxri başçısı Mədinə Baraxoeva, DİDK əməkdaşları Aydın Mahmudov və Kamal Müvəffəqi, “Dədə Qorqud” Milli Fondunun rəhbəri Eldar İsmayılov, "İnquşetiyanın Azərbaycan Milli-Mədəni Muxtariyyəti" regional ictimai təşkilatının sədri Rəhmətulla Babayev və başqaları iştirak ediblər.

Danışıqlar zamanı dövlətimizin diaspor siyasəti, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları və göstərişləri əsasında diaspor quruculuğu ilə əlaqədar həyata keçirilən tədbir və layihələr, Azərbaycan diasporunun İnquşetiyadakı uğurlu fəaliyyəti, II Dünya müharibəsi dönəmində – 1942–1943-cü illərdə Malqobek uğrunda gedən döyüşlərdə həlak olan əsgərlərin (onların arasında azərbaycanlılar da var) xatirəsinin əbədiləşdirilməsi məqsədilə birgə çöl-axtarış işlərinin aparılması barədə danışılıb.

Malgobekdə fəaliyyət göstərən Azərbaycan diasporunun hüquq və mənafelərinin möhkəmləndirilməsi, Azərbaycan mədəniyyətinin və dilinin qorunması naminə göstərilən çoxşaxəli dəstəyə görə Musa Qalayevə, Mədinə Baraxoevaya və digər rəsmi şəxslərə Dövlət Komitəsinin təşəkkürnamələri təqdim edilib. İnquşetiyanın dövlət nümayəndələri isə çöl-axtarış tədbirlərinin aparılmasında göstərdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə və “İnquşetiyanın Azərbaycan Milli-Mədəni Muxtariyyəti”nə minnətdarlığını bildirib. Səmərəli əməkdaşlığa görə respublikanın Xarici Əlaqələr, Milli Siyasət, Mətbuat və İnformasiya Nazirliyinin təşəkkürnaməsi DİDK əməkdaşı A.Mahmudova təqdim edilib.

Səfər çərçivəsində dahi siyasətçi, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin Malqobek şəhərindəki xiyabanını ziyarət edilib. Ulu öndərin xiyabandakı barelyefinin önünə gül dəstələri düzülüb, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 1942–1943-cü illərdə Malqobek strateji müdafiə əməliyyatında həlak olanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış memorial kompleks və müzey ziyarət edilib.

DİDK əməkdaşlarının səfəri yerli KİV-lər tərəfindən işıqlandırılıb.

Oxunma sayı 25