İyunun 19-da Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik rayonunda vətəndaşlarla görüşüb.
Dövlət Komitəsindən hafta.az-a bildirilib ki, görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin şəhər mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.
Görüş zamanı Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşlar dini təhsil, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, maarifləndirmə işinin genişləndirilməsi, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.