Dövlət pambıq istehsalına müdaxilə etməməlidir.
Bu fikirləri hafta.az-a kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov deyib:
"Pambıq istehsalçılarının özlərinə məhsulu emal və ixrac etmək imkanı verilməlidir. O zaman pambıqçılıqla məşğul olmaq, istehsalı genişləndirmək və məhsulların keyfiyyətini yaxşılaşdırmaq onlar üçün maraqlı və sərfəli olacaq. Qiymətlər də azad olmalıdır. Bunun üçün pambıq almaq istəyən hər kəsi yerli bazara çıxarmaq lazımdır. Digər tərəfdən, imkan vermək lazımdır ki, pambıqyığan kombaynları istehsal edən zavodlar Azərbaycanda nümayəndəliklərini açsınlar. Onlar Azərbaycanda həm kombayn satışını, həm də xidməti həyata keçirsinlər. Məsələn, Özbəkistanın, Çinin və başqa ölkələrin kombayn istehsalçıları Azərbaycanda nümayəndəlik aça bilərlər. Bu zaman rəqabət olacaq. Bizim fermerlər, kəndlilər üçün də seçim yaranacaq, indi heç bir seçim yoxdur. İndi kənd təsərrüfatı naziri bu işi alıb öz əlinə. Texnikanın gətirilməsi və istifadəsi ya nazirin, ya da oliqarx məmurların əlindədir. Bunların da arasında korporativ danışıqlar olur ki, hansı xidmətlər hansı qiymətə görülsün. Yəni, bu sahədəki nöqsanlar aradan qaldırılmadan, inhisarçılar bazardan çıxarılmadan hansısa inkişafdan söhbət gedə bilməz. Nəticə etibarilə mövcud vəziyyət oliqarxlara qazandırır, kəndlilərə isə heç bir xeyri yoxdur”.