Prezident İlham Əliyevin ötən il imzaladığı fərmana əsasən, Azərbaycanda çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının siyahıları təsdiq edilib.
Qeyd edək ki, fərman “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli Fərmanının icrası ilə əlaqədar verilib.
Xatırladaq ki, “Media haqqında” Qanununun 59.2. maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Milli Məclisi, Konstitusiya Məhkəməsi və Ali Məhkəməsindən savayı, yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən dövlət orqanları (qurumları) çap mediası subyektinin təsisçisi ola bilər. Prezidentin imzaladığı fərmanla təsdiq edilən siyahıda çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanı qeyd olunub. Həmin dövlət orqanları Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Elm və Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət İmtahan Mərkəzidir.
Məlumat üçün vurğulayaq ki, Prezidentin ötən il verdiyi həmin fərmana qədər dövlət qurumlarının əksəriyyəti çap mediası subyektinin təsisçisi idi. Bəs, görəsən, dövlət qurumlarının təsisçisi olduğu qəzet və saytlar hazırda fəaliyyətlərini necə davam etdirirlər? Yeni ildən onların iş mexanizmi necə qurulub? Bu media subyektlərinin maliyyələşmə mexanizmi necədir? Həmin media subyektləri Media Reyestrində qeydiyyatdan keçiblərmi?
“Həftə içi” qəzeti olaraq bu suallara aydınlıq gətirmək məqsədilə ayrı-ayrı dövlət qurumlarına və media subyektlərinə müraciət etdik. Onlardan aldığımız cavabları oxucularımıza təqdim edirik.
Vüqar Əliyev, “Mədəniyyət” qəzetinin baş redaktoru:
- Mədəniyyət” qəzetinin ilk sayı 1991-ci ilin 2 yanvar tarixində nəşr olunub. Qəzetin təsisçisi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyidir. Nazirliyin mətbu orqanı kimi nəşrin başlıca vəzifəsi ölkədə mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırmaq, bu sahədə görülən işləri ictimaiyyətə çatdırmaqdır. Qəzetin elektron versiyası, yəni www.medeniyyet.az saytı isə 2008-ci ilin oktyabrından fəaliyyət göstərir. Qəzetin təsisçisi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi olsa da, qəzet özü-özünü maliyyələşdirən təşkilatdır. Yəni, qəzetin bütün xərcləri abunə hesabına qarşılanır”.
Baş redaktor öz açıqlamasında həm qəzetin, həm də saytın Media Reyestrində qeydiyyatdan keçdiyini bildirib
Sarvan İbrahimov, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru:
- “Azərbaycan müəllimi” qəzeti yarandığı ilk gündən xalqın savadlanması yolunda bir çıraq kimi yanıb, çoxminli oxucularının ehtiyac duyduğu və bəhrələndiyi zəngin bilik və informasiya mənbəyi rolunu oynayıb. 90 illik yubileyinə 2 ildən də az vaxt qalmış mətbu orqanı bu illər ərzində çoxməzmunlu, zəngin, bədii, elmi-publisistik, elmi-pedaqoji araşdırmaları ilə oxucunun, müəllimin, tələbənin, şagirdin, valideynin ən yaxın sirdaşına çevrilib, milli-mənəvi, əxlaqi dünyagörüşünün zənginləşməsində etibarlı dostu olub.
Fəaliyyətini müasir təhsil çağırışlarına uyğun quran “Azərbaycan müəllimi” mütəmadi olaraq ölkə təhsilinin aktual problemlərini işıqlandırmış, qabaqcıl pedaqoji təcrübəni geniş təbliğ etmiş, təhsil üzrə ixtisaslaşmış jurnalistlərin formalaşmasında da aparıcı rol oynayıb.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş islahatlar proqramının tərkib hissəsi olan təhsil strategiyasının həyata keçirilməsi və təbliği, eləcə də təhsil sahəsində dövlət siyasətinin geniş ictimaiyyətə çatdırılması “Azərbaycan müəllimi”nin əsas fəaliyyət istiqamətidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan - 2030: sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlər”ə və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na müvafiq olaraq “Azərbaycan müəllimi” qəzeti hazırda ali dövlət sənədlərində nəzərdə tutulmuş vəzifələri əsas götürərək bir sıra layihələrin icrasını ilə bağlı fəaliyyət planı hazırlayıb. Məsələn, “Heydər Əliyev İli” çərçivəsində və təhsilin bütün pillələri üzrə bir çox istiqamətlərdə il ərzində tədbirlər planı həyata keçiriləcək. İcrası nəzərdə tutulan layihələrdən “Gənc tədqiqatçı”, “Mənim universitetim”, “Tədqiqat universiteti”, “Elm və innovasiyalar”, “Xaricdəki alimlərimiz”, “Universitetlər startap layihələrində”, “Region məktəblərində”, “Təhsilin peşə vizyonu”, “Uğurlu məktəb”.
Baş redaktor rəhbərlik etdiyi media subyektinin maliyyələşmə mexanizminə də aydınlıq gətirərək qeyd edib ki, qəzetin maliyyə mexanizmi abunə və elanlar hesabına tənzimlənir. O həmçinin “Azərbaycan müəllimi” qəzetinin Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA Agentliyi) Media Reyestrində qeydiyyatdan keçdiyini də bildirib.
Sadiq Mirzəyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri:
- “Cəmiyyət və din” qəzeti hər ayın sonu çap olunurdu. Bu ildən elektron formata keçirik və yanvar ayının sonundan etibarən ayda bir dəfə işıq üzü görəcək. Qəzetdə ənənəvi rubrikalarla yanaşı, yeni rubrikalar da hazırlanacaq. Hazırda bununla bağlı müzakirələr aparırıq”.
Qəzetin maliyyə xərclərinin hansı formada qarşılandığına gəlincə, S.Mirzəyev deyib ki, indiyədək bunu qəzetin təsisçisi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təmin edirdi:
“Bu ildən biz elektron formata keçirik. Eyni zamanda, bizim “Dövlət və Din” adlı jurnalımız da var. Jurnal dinşünaslıq, dinin tarixi və fəlsəfəsi ixtisasları üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında qeydiyyatdan keçib. Jurnalımız da elektron formatda işıq üzü görəcək. Bu il jurnalın saytının yaradılması da nəzərdə tutulub. Hər iki nəşrin təsisçisi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir. Bu nəşrləri Dini maarifləndirmə işinin təşkili şöbəsi hazırlayır. Nəşrin hazırlanmasında şöbənin əməkdaşları iştirak edirlər. Hər iki nəşrdə Komitə əməkdaşları ilə yanaşı, kənar müəlliflərin yazıları dərc olunur. Şöbədə həmin nəşrlərin dərci ilə əlaqədar redaksiya işləri icra edilir, kənar müəlliflərin əlyazmalarının qəbulu və redaktəsi texnologiyasına uyğun istehsalat-yaradıcılıq prosesi aparılır və nəşrlərin profilinə uyğun gələn yazılar işıq üzü görür”.
Sözügedən nəşrlərin Media Reyestrində qeydiyyatdan keçib-keçmədiyinə gəlincə, qurum rəsmisi deyib ki, hələlik bununla bağlı müraciət edilməyib, amma bu məsələ də müzakirə olunmaqdadır.
Elşən Əliyev, “Vətən səsi” qəzetinin baş redaktoru, əməkdar jurnalist:
- “Vətən səsi” artıq onlayn qəzetdir. Qəzet kağız daşıyıcıda 1990-cı ilin aprelində nəşrə başlayıb və 2022-ci il sentyabrın 24-nə qədər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin himayəsi altında həftədə bir dəfə olmaqla 1500 nömrəsi çapdan çıxıb.Yəni, “Vətən səsi” onlayn qəzeti eyniadlı qəzetin hüquqi varisidir. Ölkəmizin ilk müstəqil mətbu orqanlardan biri kimi 30 ildən artıq nəşr olunan qəzet qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin işıqlandırılmasında, tarixi torpalqarımız olan Qarabağın, Şərqi Zəngəzurun, Qərbi Azərbaycanın məruz qaldığı faciələr, həmin ərazilərdəki dogma yurdundan didərgin düşən soydaşlarımızın həyatı barədə həqiqətlərin geniş yayılmasında əhəmiyyətli rol oynayıb, geniş maarifçiliklə, milli mənəvi dəyərlərimizin təbliği ilə məşğul olub, milli mətbuatımızın inkişafına töhfələr verib. Hazırda onlayn rejimdə fəaliyyət göstərən qəzetin yaradıcılıq istiqaməti, yenə tematik olaraq, qaçqın və məcburi köçkünlə bağlı mövzulara fokuslanıb. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin, Böyük Qayıdışa hazırlıq və onun uğurla həyata keçirilməsi proseslərinin, Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin işıqlandırılması, mədəni-mənəvi irsimizin qorunması və zənginləşdirilməsi redaksiyanın qarşısında mühüm vəzifə kimi qoyulub. Bundan sonra da qeyd etdiyim istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik".
Baş redaktor, həmçinin Media Reyestrində qeydiyyatdan keçmək üçün aidiyyəti üzrə müraciət etdiklərini də bildirib: “Onlayn media subyekti olaraq Reyestrdə qeydiyyata düşmək üçün müraciət etmişik. Hazırda müraciətimiz baxılma mərhələsindədir”.
Qabil Mehdiyev, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri:
- Məlum olduğu kimi, ötən il dövlət başçısı tərəfindən Azərbaycanda çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının siyahıları təsdiq edilib. Biz bundan sonrakı fəaliyyətimizi həmin sənədə uyğun quracağıq. Yəni, “İdman” qəzeti öz işini artıq onlayn formada davam etdirəcək. Təsisçimiz isə dövlət qurumu olaraq Gənclər və İdman Nazirliyidir. Çünki qəzet nazirliyin tabe təşkilatıdır və bu Nazirlər Kabinetinin qərarı ilə ləğv oluna bilər. Sadəcə bizə tövsiyyə olunmuşdu ki, qəzet çap variatında deyil, elektron variantda fəaliyyətini davam etdirsin. Bundan sonra da qəzet elektron vatiantda işini davam etdirəcək.
Qurum rəsmisi “İdman” qəzetinin Media Reyestrində qeydiyyatdan keçmək üçün aidiyyəti üzrə hələlik müraciət etmədiyini bildirib: “Hələ ki, bununla bağlı müraciət edilməyib. Amma yəyin ki, onlayn media subyekti kimi fəaliyyət göstərmək məqsədilə Reyestrdə qeydiyyata düşmək üçün müraciət olunacaq”.
Natiq Axundov, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri:
“Komitənin heç bir media subyekti yoxdur. "Gömrük xəbərləri” qəzeti fəaliyyətini dayandırıb. Hazırda Komitənin dövlət qurumu olaraq yalnız rəsmi saytı fəaliyyət göstərir”.
İradə İbrahimova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri:
“Nazirliyin dövlət qurumu olaraq yalnız rəsmi saytı fəaliyyət göstərir. Sayt da nazirliyin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları tərəfindən idarə olunur”