Son sutka ərzində Rusiya silahlı qüvvələri Ukraynanın ən azı səkkiz bölgəsinə zərbələr endirib. Dnepropetrovsk, Xarkov və Çerniqovla yanaşı, Xerson, Zaporojye, Odessa, Nikolayev və Sumı vilayətləri də hədəfə alınıb. Hücumlar nəticəsində insan tələfatı olub, onlarla yaralı qeydə alınıb, inzibati binalara, yaşayış evlərinə və mülki infrastruktura ciddi ziyan dəyib, güclü yanğınlar baş verib.
Hafta.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Bildirilir ki, Zaporojye Vilayət Dövlət Administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib ki, şəhərə və ətraf rayonlara edilən hücumlar nəticəsində bir nəfər həyatını itirib, 16 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Gün ərzində Rusiya hərbçiləri tərəfindən vilayətin 54 yaşayış məntəqəsi ümumilikdə 1028 dəfə atəşə tutulub.
Xerson Vilayət Dövlət Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, sutka ərzində vilayətin onlarla yaşayış məntəqəsi, o cümlədən Xerson dron hücumlarına və artilleriya atəşlərinə məruz qalıb. O qeyd edib ki, Rusiya qoşunları həyati vacib və sosial infrastruktura, yaşayış məhəllələrinə zərbələr endirib, çoxmərtəbəli binanı, altı fərdi evi, mağazanı, yanacaqdoldurma məntəqəsini, kənd təsərrüfatı texnikasını, trolleybusu və şəxsi avtomobilləri zədələyib. Atəşlər nəticəsində iki nəfər ölüb, daha 16 nəfər yaralanıb.
Odessa vilayət administrasiyasının sədri Oleq Kiper Rusiya hərbçilərinin mülki obyektə zərbə endirdiyini açıqlayıb. Hücum qaz magistralının dağılmasına və texnikanın yanmasına səbəb olub. Ümumilikdə 11 nəfər zərər çəkib: üç nəfər dünyasını dəyişib, səkkiz vətəndaş isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara çatdırılıb.
Nikolayev Vilayət Dövlət Administrasiyasının sədri Georgi Reşetilov bölgənin "Shahed" və digər pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qaldığını diqqətə çatdırıb. Oçakov şəhərində 48 və 55 yaşlarında olan iki qadın xəsarət alıb. Bundan əlavə, ofis və inzibati binalar, ticarət obyekti, bankın şöbəsi, elektrik verilişi xətti, transformator yarımstansiyası və avtomobilə ziyan dəyib. Nikolayev rayonu ərazisinə isə FPV dronları ilə hücum zamanı bir fərdi ev dağılsa da, insan tələfatı və xəsarət alan olmayıb.
Həmçinin iyul ayının 20-si axşam saatlarında Sumı şəhərinin yaşayış massivi Rusiya ordusu tərəfindən reaktiv dronla hədəfə alınıb. İlkin məlumata görə, iki nəfərin yaralandığı deyilsə də, sonradan bu rəqəm əvvəlcə üçə, daha sonra isə altıya çatıb. Zərərçəkənlərdən dördü uşaqdır.