“Ölkə başçısı İlham Əliyevin birbaşa diqqəti, yerində verdiyi tapşırıqları sayəsində pandemiya dövründən az zərərlə çıxılması üçün müxtəlif tədbirlər görüldü. Vətəndaşların sağlamlığının qorunması üçün bütün səylər səfərbər edildi. Pandemiyanın qarşısının alınması istiqamətində ölkəmiz daha tez hərəkətə keçdi. Buna baxmayaraq, bəzi vətəndaşlar, hətta bəzi dövlət qurumlarında çalışan məmurlar tətbiq edilən qaydalara əməl etmirlər. Bankların qarşısında, ictimai nəqliyyatdan istifadədə və digər ictimai yerlərdə sosial məsafə gözlənilmir”.
Bunu hafta.az-a açıqlamasında V çağırış Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib. O, bildirib ki, əsasən də insanlar avtobus gözləyərkən və ictimai nəqliyyatda öz sağlamlıqlarına qarşı səhlənkarlıq nümayiş etdirirlər: “Bu cür halların qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. İnsanlarımız şəxsi məsuliyyət nümayiş göstərməlidirlər. Bəzi adamlar fikirləşir ki, başqa ölkələrdə vəziyyət ciddidir, amma bizdə belə durumlar yoxdur. Elə bilirlər ki, pandemiya artıq ölkəmizdə yoxdur. Belə deyil. Çünki hələ də vaksin tapılmayıb. Cənab prezident də qeyd etdi ki, vaksin tapılmayana qədər vətəndaşlarımız son dərəcə ehtiyatlı olamlıdır. Fransada, İspaniyada, İtaliyada, ABŞ-da nə qədər insanlar dünyasını dəyişib. Milyonlarla insan koronavirusun fəsadlarında əziyyət çəkir. Bəzi məsuliyyətsiz vətəndaşlar hesab edir ki, bu cür hallar bizdə ola bilməz. Xeyr, belə deyil. Heç kim koronavirus pandemiyasının fəsadlarından sığortalanmayıb. Bu, gözəgörünməz düşməndir. Bu cür amansız düşmənlə hamımız birgə mübarizə aparmalıyıq”.
Dilarə Cəbrayılova onu da bildirib ki, pandemiyanın Azərbaycanda yayıldığı ilk dövrlərlə müqayisədə indi apteklərdə tibbi maska, tibbi spirt və qoruyucu əlcəklərlə bağlı heç bir problem yoxdur:
“Cənab prezidentin tapşırığı ilə Sumqayıtda tibbi maska istehsal edən müəssisə açıldı. Ardınca Qusarda tibbi spirt müəssisəsi istifadəyə verildi. Artıq hər bir aptekdə koronavirusla mübarizə üçün bütün qoruyucu vasitələr var. İnsanların təlabatı demək olar ki, tam şəkildə təmin edilir. İndi hətta 95 faizlik spirtə böyük marketlərdə də rast gəlmək mümkündür. Karantin rejimi yumşaldıldıqdan sonra insanlar arxayınlaşdı. Bunun nəticəsində də son günlərdə yoluxanların sayında artım müşahidə olunur. İnsanlar səhlənkar olmamalıdır. Öz sağlamlıqlarına biganə yanaşmamalıdırlar. Dövlət öz üzərinə düşən hər şeyi edir. Biz də öz üzərimizə düşən hər bir şeyi etməliyik. Dövlət orqanları, digər qurumlar da bu yöndə maarifləndirici tədbirlər gördülər. Jurnalistlər, polislər, təhsil işçiləri, həkimlər öz tövsiyyələrini verdilər. İnsanlarımız təkcə özlərini yox, yaxın çevrələrindəki insanların, ailə üzvlərinin də sağlamlıqlarını düşünməlidirlər. Hər şeydən əvvəl şəxsi məsuliyyət gəlir”.